Bazar yandı, külü qaldı... - REPORTAJ
26 oktyabr 2010 16:36 (UTC +04:00)

Bazar yandı, külü qaldı... - REPORTAJ

Lent.az-ın əməkdaşları hadisə yerində olanda xilasedicilər və Çevik Polis Alayının əməkdaşları insanların təhlükəsizliyi üçün əraziyə kimisə buraxmırdı. Bazarın yanmamış hissəsində isə həyat öz axarı üzrə davam edirdi. Ayaq altında pal-paltar satan kim, ortalıqda dolaşıb qutab təklif edən kim…
Bazarı cürbəcür iylər bürümüşdü. Bir tərəfdən yanmış Çin mallarının kəsif qoxusu, digər tərəfdən isə kabab ətiri gəlirdi. Amma bu kabab manqalda yox, piştaxtalarda, soyuducularda qızarmışdı. Bura artıq bazar da demək olmazdı. Indi bir neçə gün əvvəl insanların qaynadığı “8-cikilometr” bazarı böyük bir xarabalığa bənzəyir...

Bazarın yanmasını ilk olaraq ətrafdakı binaların sakinləri görüb. Həmin şəxslərin sözlərinə görə, bazar eyni zamanda bir neçə yerdən alışmağa başlayıb. Yanan hissələrdə əsasən pal-paltar və polietilen məhsullar satıldığından alov bir andaca sürətlənib və böyük bir ərazini əhatə edib. Nəticədə 4500 kvadrat metr ərazi külə dönüb. Ticarət mərkəzində alovu o qədər şiddətli olub ki, burda divarlar da qaysaq bağlamışdı, hər tərəf hisə boyanmışdı. Insanlar da hiss içində idi, satıcılar, dükan sahibləri qollarını çirməyib külün içində nə isə axtarırdı. Hamı axtarırdı, gələn də gedən də.

Bir nəfər isə quru közü qalmış ayaqqabılarına altında bir krasovka tapmışdı, hər keçəndən həmin ayaqqabının digər tayını soruşurdu. Amma artıq gec idi, olan olmuş, yanan yanmışdı...

Yanmış dükanlarda salamat əşya axtaran satıcılar, onların yaxınları, hamı - kimisə ittiham edirdi. Onlar bazarın qəsdən yandırıldığını iddia edirlər.

Rahim adlı dükan sahibi isə dedi ki, oktyabrın 25-də səhər saatlarında bazardakı bütün yanğınsöndürmə balonları yığışdırılıb: “Bazarkomun müavini var, Teymur müəllim, hamısını yığdırdı. Guya balonların doldurulma vaxtıdır. Amma özləri bilərəkdən eləmişdi ki, yanğın olanda bir tədbir görə bilməyək”. Biz də həmin insanların sözlərini yoxladıq və bazar ərazisində, ətrafda bir dənə də olsun yanğınsöndürmə balonuna rast gələ bilmədik. Ümumiyyətlə bu yanğında kiçik balondan istifadə olunmamışdı.

“8-ci kilometr” bazarındakı budəfəki yanğından daha çox pal-paltar alverçiləri, ət piştaxtaları və elektrik avadanlıqları satan dükanlar ziyan çəkib. Amma ət alverçilərinin heç nə vecinə deyildi. Hansını dindirirdin deyirdi ki, 200-300 manat ziyana düşüb. Eləsi də vardı ki, külün içində çəki daşlarını axtarırdı. Deyirdi ki, hər nə yansa da, çəki daşları yanan deyil, heç olmasa onu götürüm.

İndi bazar işçilərini bir şey düşündürür. Harda gedib alver etsinlər. Axı bir bazar neçə dəfə yanar, neçə dəfə tikilər? Onlardan heç biri ciddi cəhdlə koimpensasiya da tələb etmirdi. Çünki keçən dəfə də bu bazar yananda heç nə almayıblar. Bəziləri isə hələ də ümidli idi. Onlar kompensasiya verilməsini gözləyirlər. Amma bu olacaqmı, hələ onu deyən yoxdu.

Qeyd edək ki, oktyabrın 25-də gecə saatlarında “8-ci kilometr bazarı”nda yanğın başlayıb. Üç saat davam edən yanğın nəticəsində bazarın 4500 kvadrat metr ərazisi yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da əraziyə gəlib.

Hadisə zamanı yanıq xəsarətləri almış Bakı şəhər sakinləri Tofiq Zülfüqarov, Cavid Balayev, Rasim Cəlilov, Əziz Kərimov, Aslan Quliyev, Cavid Yaqubov və İqor Qurquzov xəstəxanaya yerləşdiriliblər

Hadisənin baş vermə səbəbləri araşdırılır. Nizami rayon polis idarəsindən bildirilib ki, yanğına elektrik xəttində baş vermiş qısaqapanma səbəb olub.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar