İş adamının qətlilə bağlı apellyasiya protesti təmin edildi
18 oktyabr 2010 12:39 (UTC +04:00)

İş adamının qətlilə bağlı apellyasiya protesti təmin edildi

Bakı Apellyasiya Məhkəməsində iş adamı Xanbəyi Zamanovu qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasına etiraz olaraq Bakı şəhər Prokurorluğunun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə apellyasiya protesti təmin olunub və cinayət işinin yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunub.


Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin vəkili Rəsul Yusifbəyli vəsatətlə çıxış edib. Vəkil vəsatətində cinayət işinin ibtidai istintaqının düzgün aparılmadığını söyləyib. Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə cinayət işinin ibtidai qaytarılması haqqında qərar qəbul edib.


Onu da qeyd edək ki, Xanbəyi Zamanovun avtomobilində yandırılmış meyiti 2009-cu il oktyabrın 25-də Balaxanı qəsəbəsindəki yerləşən zibillikdən tapılıb. İş adamını donuzçuluq fermasında işləyən Nemət Abdullayev və Samirə Əzimovanın öldürdüyü müəyyənləşib.


Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.


Xatırladaq ki, Nemət Abdullayev və Samirə Əzimovanın cinayət işi iyul ayında məhkəməyə göndərilib. Cinayət işi hakim Ələkbər Quliyevin icraatına verilib. Avqustun 2-də məhkəmədə zərərçəkmiş tərəf hakim Ələkbər Quliyevin sədrliyi ilə bu işə obyektiv baxılmasına şübhə etdiyini bildirib və cinayət işinin başqa hakimin icraatına verilməsi vəsatəti ilə çıxış edib. Buna səbəb bir müddət bundan əvvəl Xanbəyi Zamanovun qətlinin sifarişçisi kimi adı hallanan Şakir Hüseynovun işinə hakim Ələkbər Quliyevin baxması olub. Belə ki, Ə. Quliyevin sədrliyi ilə keçirilən prosesdə Şakir Hüseynov barəsində 5 il şərti azadlıqdan məhrum etmə hökmü çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü ləğv edərək Şakir Hüseynovu 8 il müddətinə azadlıqdan məhrum edib.


Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi zərərçəkmiş tərəfin vəsatətini təmin edərək, cinayət işini hakim İlqar Murquzovun icraatına verib.


Onu da xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyevin fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilib və onun səlahiyyətlərinə xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar