İki məhkəmə hakimi cəzalandırıldı
15 oktyabr 2010 13:49 (UTC +04:00)

İki məhkəmə hakimi cəzalandırıldı

Hakimliyə namizədlərin seçimi proseduru ilə 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunub, 78 nəfər hakimliyə namizəd isə bütün imtahanları, o cümlədən bir ilədək davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq bilinib.


Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimliyə namizədlərin seçilməsi qaydasına müvafiq olaraq Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə bir neçə gün davam etmiş iclaslarında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb.



Şura tərəfindən hakimliyə namizədlərin ixtisaslaşdırılmasının müəyyən edilməsi məqsədilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilib, Hakimlərin Seçki Komitəsi tərəfindən seçim prosesi üzrə yaradılmış müsbət təcrübə yüksək dəyərləndirilib. Şurada həmçinin ölkə prezidentinin cari ilin iyul-avqust tarixli fərmanları ilə məhkəmə quruluşunun təkmilləşdirilməsi, o cümlədən əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və insan haqlarının etibarlı müdafiəsi məqsədilə ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hakim ştatlarının ümumi sayının xeyli artırılması ilə bağlı görülən təşkilati işlər, Ədliyyə Nazirliyi tərəfindən aparılan tədbirlər barədə məlumat dinlənilib. Mövcud iş yükü nəzərdən keçirilərək hakim ştatlarının məhkəmələr üzrə bölgüsü məsələlərinə baxılıb.


Eyni zamanda Şurada hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Lənkəran rayon məhkəməsinin hakimi Azər Səmədovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova irad tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar