Xəzər rayonundakı qətl söyüş üstündə törədilib
15 sentyabr 2010 13:40 (UTC +04:00)

Xəzər rayonundakı qətl söyüş üstündə törədilib

Sentyabrın 15-də gecə saatlarında Xəzər rayonunda törədilmiş qətl söyüş üstündə baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Respublika Baş Prokurorluğu rəsmi məlumat yayıb.

Yayılmış məlumatda deyilir ki, 15 sentyabr 2010-cu il tarixdə saat 03:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əliyev Qərib Qəhrəman oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsəbə sakini, 1987-ci il təvəllüdlü Daşdəmirov Müşfiq Nüsrət oğlunu bıçaqla vuraraq qəsdən öldürüb.


Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə göndərilib.


Faktla bağlı Xəzər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, sentyabrın 15-də saat 03:00 radələrində Qərib Əliyev yaşadığı evin yaxınlığında küçədə əvvəllər tanıdığı qəsəbə sakini Müşfiq Daşdəmirovla təsadüfən rastlaşıb və söhbət edərkən aralarında mübahisə düşüb. Bu zaman Müşfiq Daşdəmirov Qərib Əliyevin ünvanına nalayiq ifadələr işlədib. Qərib Əliyev qaçaraq yaşadığı evdən gətirdiyi bıçaqla onun döş nahiyəsinə bir zərbə vurmaqla qəsdən öldürüb.


Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qərib Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar