Cənub bölgəsində leysan fəlakəti
11 sentyabr 2010 11:41 (UTC +04:00)

Cənub bölgəsində leysan fəlakəti

Sentyabr ayının 9-dan başlayaraq Azərbaycanın cənub bölgəsində yağan leysan yağışları bir sıra problemlər yaradıb.

APA-nın cənub bürosunun məlumatına görə, dağlıq Lerik rayonunda intensiv yağışlar çaylarda suyun səviyyəsinin qalxmasına, nəticədə ətraf yaşayış məntəqələrinin sel təhlükəsi ilə üzləşməsinə səbəb olub. Sel suları nəticəsində Talış dağlarından qopan daş və qaya parçaları Lənkəran-Lerik avtomobil yolunu bağlayıb. Lerik rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında ağır texnikanın köməyi ilə həyat əhəmiyyətli bu yolda avtomobillərin hərəkəti bərpa olunub.

Dağ çaylarında suyun səviyyəsinin artması ilə qonşu Lənkəran və Astara rayonlarındakı çaylar da öz məcrasından çıxaraq ətraf kənd və qəsəbələrin əhalisi üçün ciddi təhlükə yaradıb. Sentyabrın 10-da saat 19.00 radələrində Lənkəran çayında suyun səviyyəsi 3 metrədək qalxdığından çay kənarında yerləşən yaşayış məntəqələrinin əhalisini təhlükə ilə üzləşib. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İlqar Dadaşovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, ötən gecə rayonda sel suları altında qalan kəndlərdən 100-ə yaxın ailə, o cümlədən əhaliyə məxsus mal-qara Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional İdarəsinin texnikasının köməkliyi ilə təbii fəlakət yerindən müvəqqəti olaraq qohumlarının evlərinə köçürülüb.

Əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dünən axşam saatlarından bu gün səhər saatlarınadək Lənkəran şəhərini rayonun kəndləri ilə birləşdirən Lənkərançayın üzərindəki körpüdə nəqliyyatın və əhalinin hərəkəti müvəqqəti dayandırılıb. Bu gün səhər saat 7.00-dək çayda suyun səviyyəsi azaldığından körpüdə avtomobillərin hərəkətinə icazə verilib. Lənkəran şəhərinin Cavanşir və Vidadi küçələrindəki evlərdə də sel həyəcanı yaşanıb, bu ünvanlardan 20-yə yaxın ailə gecə ilə qohumlarının evinə köçürülüb. Ümumilikdə isə Lənkəran rayonunun Kosalar, Velədi, Yuxarı Nüvədi, Əşlə, Siyobili, Rvo və Təngərud kəndlərində onlarla yaşayış evini sel suları basıb. Yuxarı Nüvədi kənd sakini Rəvayət İmaməli qızı Bayramova odun toplayarkən qəfil gələn sel onu aparıb. FHN-in Cənub Regional İdarəsinin sulardan xilasetmə qrupunun əməkdaşları onu xilas ediblər.
Lənkəran rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna sel sularının rayonun Əşlə kənd körpüsünə də ziyan vurduğunu, Daşdatük kəndindəki körpünü tamamilə, Biləsər kəndindəki körpünün isə dəmir borularını yuyub apardığını bildiriblər.

Leysan yağışları qonşu Astara rayonunda da dağ çaylarında suyun səviyyəsinin kəskin artmasına səbəb olub. Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Məzahim Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Astara və Pensər çaylarında suyun səviyyəsi qalxıb, rayonun Rüdəkənar kəndində onlarla evə su dolub, həmçinin sel dağ yollarında maşın-mexanizmin hərəkətini qismən məhdudlaşdırıb.

Hazırda cənub bölgəsində güclü yağışlar davam etməkdədir. Rayonlarda icra strukturları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün səfərbər olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar