Baş Prokurorluq Bakıdakı kütləvi dava ilə bağlı məlumat yayıb
03 sentyabr 2010 19:49 (UTC +04:00)

Baş Prokurorluq Bakıdakı kütləvi dava ilə bağlı məlumat yayıb

Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 2 sentyabr 2010-cu il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Məmmədov İnqilab Əli oğlunun bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda ölməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, sentyabrın 2-də saat 19:00 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yaşayan Kərimov Əhməd Məcid oğlu dostu Məmmədov İnqilab Əli oğlu ilə Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi 737 saylı evin qarşısına gələrək qohumu Günelin barəsində rüsvayedici məlumatlar yaydığına görə Əhmədov Fuad Nurəli oğlu ilə mübahisə edib və Fuad Əhmədovu döyərkən sonuncunun dostları Məmmədvəli Xalıqov və Elvin Səfərov onları aralamaq istəyib. Bu zaman mübahisə daha da qızışıb və səs-küyə Fuad Əhmədovun anası Yetər İsgəndərova və xalası Qızdarxanım Nuriyeva gəlib. Fuad Əhmədov aranın qarışmasından istifadə edərək evlərinə qaçıb mətbəx bıçağı götürərək dərhal geri qayıdıb və gətirdiyi bıçağı Məmmədvəli Xalıqova verib. Sonuncunun atası Sübhan Xalıqov aranı sakitləşdirmək və Fuad Əhmədovu evlərinə aparmaq istəsə də, Əhməd Kərimov və İnqilab Məmmədov hücum edərək onu təhqir etməyə və vurmağa başlayıblar. Bu zaman Məmmədvəli Xalıqov atasını təhqir etdiyinə görə İnqilab Məmmədovu bıçaqla bir dəfə ürək nahiyəsindən vurub və sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məmmədvəli Xalıqov sentyabrın 3-də saat 01:30 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib.
Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar