Seyfəddin Qəndilov vəfat edib
20 iyul 2010 19:00 (UTC +04:00)

Seyfəddin Qəndilov vəfat edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov 80 yaşında vəfat edib. Lent.az-ın məlumatına görə, S.Qəndilov bu gün saat 14:00 radələrində öz evində ürək tutmasından keçinib.


Qeyd edək ki, Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini bitirib, 1953-1956-cı illərdə aspiranturada təhsilini davam etdirib, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor, sonrakı illərdə “əməkdar təbliğatçı” və “əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb. Onun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalələrdə, bir çox monoqrafiya və dərsliklərdə əks olunub. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilib. Professor Seyfəddin Qəndilovun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil edib. Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi “Avropa Təhlükəsizliyi”, “Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə”, “Milli azadlıq hərəkatı və müasir dövr” kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, televiziya ilə tariximizə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm çıxışları olub.

1989-cu ildən respublikamızın ali məktəblərində tədris olunan “Siyasi tarix” fənninin geniş işçi proqramı və ilk dərsliyinin hazırlanması məhz onun adı ilə bağlıdır. Professor Seyfəddin Qəndilovun bilavasitə rəhbərliyi altında hələ 1995-ci ildə Təhsil Nazirliyinin işçi qrupu tərəfindən “Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqinin təkmilləşdirilməsi konsepsiyası”, 1997-ci ildə isə Nazirliyin ekspert qrupu tərəfindən “Humanitar elmlər üzrə ali təhsilin istiqamət və ixtisaslarına dair dövlət standartları” barədə sənədlər işlənib hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin fərmanı Seyfəddin Qəndilov 1999-cu il fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, 2001-ci il oktyabrın 1-də isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilib.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar