İran-Azərbaycan sərhədində tapılmış mumiya ilə bağlı şok məlumatlar
26 avqust 2010 18:09 (UTC +04:00)

İran-Azərbaycan sərhədində tapılmış mumiya ilə bağlı şok məlumatlar

“Tarixi Xudafərin məntəqəsində arxeoloji qazıntılar olub, orada müəyyən vaxtlarda yenə də qazıntılar aparılır. Qazıntılar zamanı qədim dövrə aid olan müxtəlif əşyalar aşkar olunur. Amma oradakı qazıntılar zamanı mumiyalanmış insan cəsədi tapılmayıb”.


Bu eksklüziv açıqlamanı APA-ya İranın Şərqi Azərbaycan vilayətinin Milli, Mədəni İrsin Qorunması İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Fərinuş Əkbərzadə verib. Onun sözlərinə görə, 2008-ci ildə həmin ərazidə bir qrup təxribatçı şəxs müəyyən məqsədlərlə, xüsusi ustalıqla hazırlanmış sandığın içərisində mumiyalanmış müqəvva basdırıb. Həmin qızılı rəngli sandıq və mumiya İran arxeoloqları tərəfindən aşkar edilərək götürülüb. Araşdırma nəticəsində mumiyanın insan cəsədi deyil, müqəvva olduğu müəyyənləşdirilib, sandığı ərazidə basdıranlar isə polis təhqiqatı nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb edilib. F. Əkbərzadə hazırda həmin şəxslərin həbsdə olduğunu deyib.


Qeyd edək ki, İranın müxtəlif mənbələri bu məsələ ilə bağlı hələ bir neçə il əvvəl müxtəlif məlumatlar və mumiyalanmış padşahın fotosunu yayıb. www.blogfa.com internet qəzetinin yaydığı məlumatda bildirilir ki, hələ 2008-ci ilin yanvar ayının əvvəlində İranın Antik Araşdırmalar İnstitutunun rəhbəri Həsən Fazili bildirib ki, səddin yaxınlığında 5 arxeoloji qrup araşdırma işləri aparmaqla məşğuldur. O, Xudafərin Su Anbarı yaxınlığında aparılan qazıntılar zamanı mumiyalanmış insan cəsədinin tapıldığını təkzib edib və bunu şayiə adlandırıb.


2008-ci il dekabr ayının axırlarında isə H. Fazili “Fars” xəbər agentliyinə bildirib ki, İran regionunda yaşayan əhali, xüsusilə də Azərbaycan xalqı qədim dövrlərdən tək Allahlığa inanıb. Onlar heç vaxt dəfn edilərkən mumiyalanmayıblar. Elə həmin tarixdə İranın Şərqi Azərbaycan vilayətinin Mədəni İrsin Qorunması İdarəsinin rəhbəri Turab Məhəmmədi də Şərqi Azərbaycan vilayətinin tarixi ərazisi olan Xudafərində mumiyalanmış cəsədin aşkarlandığını təsdiqləməyib.


Amma 2008-ci ilin dekabr ayının son 10 günlüyündə www.milliharakat.com saytı İran milli hərəkat təşkilatının rəhbərlərindən olan Əlirza Fərşi Şərqi Azərbaycan vilayətinin Arazbaran qəsəbəsinə aid olan Araz çayının kənarında, eləcə də tarixi Xudafər məntəqəsində yerləşən qədim Şuceyli kəndinin köhnə qəbiristanlığında qızıl sandıqda tapılan mumiyalanmış padşahın cəsədinin həqiqət olduğunu bildirib. O, həmin cəsədin Şərqi Azərbaycan Vilayətinin Milli İrsin Qorunması İdarəsinin işçiləri tərəfindən aparıldığını və bu barədə mətbuata məlumat verilmədiyini deyib.


Ə. Fərşinin sözlərinə görə, yaşı 3500-4000-ə çatan bu padşahın əlində böyük bir qılınc olub və o, yanında bir öküzlə aşkarlanıb. Ə. Fərşi əlavə edib ki, bu, birinci və axırıncı tapıntı deyil. Araz çayı sahillərində, xüsusən də Xudafərin məntəqəsinin dağılmış qədim kəndlərində bu kimi tapıntılar çox olub və bundan sonra da güman ki, olacaq.


APA-nın əməkdaşı ilə söhbətdə həmin hadisənin canlı şahidi olmuş yerli sakin belə bir mumiyanın tapıldığını təsdiqləyib. Adının çəkilməsini istəməyən həmin şəxs mumiyanın tapıldığı ərazinin yaxınlığındakı kəndlərin əhalisinin də bu mənzərənin şahidi olduğu bildirib. Mumiya elə tapıldığı yerdə video lentə də çəkilib.


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı isə APA-ya bildirib ki, onlar mumiyalandığı deyən padşahın yalnız şəkilini görüblər. Həmin şəkil vasitəsilə də padşahın sinəsində yerləşdirilmiş lövhədəki yazıları oxumağa çalışıblar: “Həmin yazı mixi yazısına oxşadılır. Amma mixi yazılarını oxuyan mütəxəssislərimiz də bu yazıdan anlaşıqlı bir şey oxuya bilməyiblər. Mixi yazısının çox gözəl oxuyan Solmaz Qaşqay da bu yazını oxuyanda dedi ki, burada mənalı, anlaşıqlı bir fikir alınmır. Bu yazıya bizim arxeoloqlarımız, tarixçilərimiz də baxıb, müzakirələr də aparıblar. Ümumiyyətlə, bu mumiya çox müəmmalıdır. Onun həqiqət olub-olmadığı bilinmir, heç kəs də mumiyanın tapıldığını dəqiq təsdiqləmir. Xəbəri şayiə formasında yaymaqla, heç kimin boynuna heç nə qoymaq olmaz. Əgər mumiyanın tapıldığını iddia edən şəxslər varsa, onlar çəkinmədən üzə çıxsınlar və açıq-aydın müsahibə versinlər ki, hadisə necə olub. Onda bu hadisənin dalınca düşmək olar”.


N. Vəlixanlı deyib ki, həmin yazının oxunması üçün AMEA tərəfindən bundan sonra hər hansı səylərin göstərilməsi nəzərdə tutulmur: “Çünki real olmayan hadisəni şəkil əsasında sübuta yetirmək olmaz”. Şəklə müdaxilələrin də ola biləcəyini istisna etməyən AMEA rəsmisi onun düzəltmə ola biləcəyini də mümkün sayır: “İndi kompüter əsridir, nə istəsən düzəltmək olar. Bu şəkil qurama da ola bilər. Bunun həqiqət, ya da qurama olduğu barədə indiyədək dəqiq fikir söylənilmir. Bu mumiya elə bil ki, hər hansı bir muzeydən götürülüb. Tapıntıya bir o qədər də oxşamır”.

Qeyd: Foto www.blogfa.com saytından götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar