Gürcüstan azərbaycanlıları Azərbaycan dilli məktəblərin bağlanmasından şikayətlənirlər
25 avqust 2010 19:09 (UTC +04:00)

Gürcüstan azərbaycanlıları Azərbaycan dilli məktəblərin bağlanmasından şikayətlənirlər

Gürcüstan Azərbaycanlıları Konqresində (GAK) Marneuli rayonunun Axlımahmudlu açıq məktəbinin müəllim heyəti və valideynlərlə görüş keçirilib.

GAK-dan Lent.az-a verilən məlumata görə, 30 nəfərə yaxın müəllim və valideyn GAK sədri Əli Babayevə Axlımahmudlu açıq məktəbinin bu ilki tədris ilindən, heç bir əsas olmadığı halda məktəbin fəaliyyətinin dayandırılması barədə çıxarılan qərarla əlaqədar şikayətlərini çatdırıblar.

Axlımahmudlu açıq məktəbin direktoru Səyyad Həsənov deyib ki, bu gün Gürcüstanda gedən bütün islahatları hər bir Gürcüstan vətəndaşı kimi onlar da dəstəkləyirlər: “Ancaq bu gün bizim məktəb bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu prosesdə biz qanunsuzluqlar görürük. Tələbimiz budur ki, məktəbi hansı əsaslarla bağlamaq istəyirlər bizə bu haqda təlimat versinlər. Məktəbin bağlanmasını şagird sayının azlığı ilə əlaqələndirilər. Halbuki bizim məktəbdə 112 nəfər şagird təhsil alır”.

Məktəb direktoru onu da qeyd edib ki, bununla əlaqədar Marneulidə yerləşən Azərbaycanlıların Mədəniyyət Mərkəzinə, Azərbaycanın Gürcüstandakı Səfirliyinə və Gürcüstanın Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət edilib, lakin heç bir cavab alınmayıb: “Gürcüstanın Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladığımız zaman bizə dəfələrlə bildirilib ki, məktəb bağlanmayacaq. Biz kimə, hansı idarəyə inanmalıyıq?”.

Qeyd edək ki, Axlımahmudlu məktəbində eyni zamanda qonşu kənd olan Yeni Kənddən gələn şagirdlər də təhsil alırlar. Şagirdlərin köçürüləcəkləri Araflı kənd məktəbinə qədər olan məsafə isə 5-6 kilometrdir. Gürcüstanın yeni təhsil islahatlarına əsasən, bu ildən uşaqlar məktəbə beş yaşından qəbul olunacaqlar. 5 yaşlı uşağın hər gün 5-6 kilometr məsafəni gedib-gəlməsi isə çətin məsələdir. Müəllimlərin dediyinə görə, məktəb üçün heç bir nəqliyyat nəzərdə tutulmayıb. Əgər məktəb bağlanarsa, 20 nəfər müəllim heyətindən yalnız 4-ü Araflı məktəbində işlə təmin ediləcək, qalan 16 nəfər müəllim isə işsiz qalacaq.

Valideynlər bildiriblər ki, məktəb bağlanarsa uşaqlarını Araflı məktəbinə qoymayacaqlar. Onlar yolda ikən övladlarının təhlükəsizliyinə kiminsə zəmanət vermədiyini bildiriblər. GAK sədri də qeyd edib ki, Axlımahmudlu məktəbinin bağlanılması üçün heç bir obyektiv səbəb yoxdur. Onun sözlərinə görə, Gürcüstanda elə kəndlər var ki, 15-20 nəfər şagirdi ola-ola statuslu məktəbləri var: “Bəs 120-ə yaxın şagirdi olan məktəbin bağlanılmasını nə ilə izah edə bilərlər? Biz bu günlərdə bununla əlaqədar elm və təhsil naziri Dmitri Şaşkinlə, Ombudsman Aparatının nümayəndəsi ilə və digər aidiyyatı orqanların nümayəndələri ilə görüşmək istəyirik ki, bu məsələlərə aydınlıq gətirək. Konqresimizin əldə etdiyi məlumata görə, bu il bir neçə Azərbaycan məktəbi bağlanacaq və 350-ə yaxın müəllim işdən azad ediləcək”.

Əli Babayev Axlımahmudlu məktəbinin bağlanmaması, müəllimlərin işsiz qalmamaları və azərbaycanlı balalarının yollarda əziyyət çəkməmələri üçün GAK-ın müxtəlif tədbirlər görəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar