Toy günü evdən çoxlu qızıl apardılar
24 oktyabr 2012 12:22 (UTC +04:00)

Toy günü evdən çoxlu qızıl apardılar

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. AnsTV-nin məlumatına görə, hadisə rayonun Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi ev 99 ünvanında, vətəndaş İsa Zeynalova məxsus fərdi yaşayış evində, ev sahiblərinin oğlunun toy mərasimi günü olub.


Belə ki, övladlarının şad günündə olan Zeynalovlar ailəsinin evdə olmamasından istifadə edən qarətçilər mənzilin daş hasarından evin həyətinə, sonra evin arxa tərəfində olan hamam otağının kiçik pəncərəsindən mənzilə daxil olublar. Otaqları alt-üst edən naməlum şəxs və ya şəxslər ev sahibinə məxsus təqribən 50 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar.

Toydan qayıdan ailə isə gördüyü mənzərə qarşısında az qala evinə gəlin gətirdiyini də unudub. Belə ki, evin qapısı bağlı olduğundan oğurluq versiyası ev sahiblərinin ağlına gəlməyib. “Toydan gələndə evin qapısı bağlı, amma otaq dağınıq idi. Evdəkilər elə biliblər ki, tələsik çıxıblar ona görə ev dağınıqdır. Sonra məlum olub ki, evə oğru girib” – deyə ev sahibi İsa Zeynalov bildirib.


Faktla bağlı Suraxanı rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
# 2394

Oxşar yazılar