Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda "cin çıxarmaq" adı ilə 25 yaşlı Murad Sultanovu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əfqan Tarverdiyev, Sahib Xəlilov, Vüsal İbrahimov, Cəmil Qayıbov və Aprel Xəlilovun hər birinə 9 il 6 ay, Füzuli Qəribova isə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə 2018-ci il noyabrın 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 6 nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib.
Şübhəli şəxslər qismində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər.
Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.
Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb. Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.