“Gecə saat 02 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə yenidən Azərbaycan dövlətinə qarşı çox ağır cinayət, terror aktı törədilib”.
APA-nın məlumatına görə, bunu bu gün Gəncədə keçirilən mətbuat konfransında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
O qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə müharibə ərazisinə aid olmayan, döyüş bölgəsindən 100 km uzaqlıqda olan, yarım milyon əhalisi olan Gəncə şəhəri raket atəşinə tutulub: “İndiki məlumata görə, 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, habelə mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəqiqləşdirmələr aparılır. Baş Prokuror kimi mənim tərəfimdən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müharibə cinayətləri və terror aktı ilə bağlı cinayət işi başlanılıb. Hazırda hadisə yerində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Baş Prokuror kimi sizi əmin edirəm ki, tərəfimizdən olan bütün zəruri olan beynəlxalq və daxili hüquq normalarından istifadə etməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəhşətli, insanlıq əleyhinə, bəşəriyyət əleyhinə törətdikləri cinayətə görə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir”.