Azərbaycan vətəndaşlarından Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Belə məktublardan birini Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Nərmin Hümbətli göndərib. Lent.az həmin məktubu təqdim edir:
Möhtərəm cənab Prezident!
Mən 8-ci sinif şagirdiyəm. Məktəbimiz Azərbaycanın öndə gedən təhsil ocaqlarındandır və bunda Sizin payınız böyükdür. İndiki vəziyyətə görə dərslərimizə evdən - “Dərs vaxtı” layihəsindən, onlayn dərslərdən və “Virtual məktəb” proqramından davam edirik. Buna görə də, cənab Prezidentimiz, Sizə çox təşəkkür edirik. Dünyanı sarsan COVID-19 pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması üçün gördüyünüz mühüm işlər göz önündədir.
Qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və etdiyiniz bir sıra başqa tədbirlər Sizin xalqa olan sevginizin və uzaqgörən siyasətinizin nəticəsidir ki, dünyada geniş yayılan bu xəstəliyin ölkəmizdə də bu cür sürətlə yayılmasının qarşısına böyük sədd çəkdi. Mən də məktəbli və bir həkim qızı olaraq Sizin Sərəncamlarınız, tapşırıqlarınız və çağırışlarınıza diqqətlə qulaq asır və layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar və bütün çətinliklərdən olduğu kimi, bu çətinliyin də öhdəsindən gələrik. Xalqımız Sizi çox sevir və Sizin xarici və daxili siyasətinizə çox güvənir. Hər çətin günümüzdə bizim - Azərbaycan xalqının yanında olduğunuz üçün Sizə təşəkkür edir, işlərinizdə uğurlar, sağlam və işıqlı həyat yolu arzulayırıq.
Hörmətlə,
Hümbətli Nərmin, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri