Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu mövcud durumda karantini pozub qaçmağa cəhd göstərənlərlə bağlıdır.
Sirr deyil ki, bəzi hallarda karantin qaydalarını pozan şəxslər polisin qanuni əmrinə tabe olmayaraq, qaçmağa cəhd göstərirlər.
Rubrikamızın "Karantin qaydalarını pozaraq, qaçmaq istəyən şəxslər inzibati qaydada həbs olunurmu?" sualına DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov cavab verib. Onun sözlərinə görə, polisin əmrini anlayışla qarşılayanlar sadəcə protokol yazılaraq 100 manat miqdarında cərimə olunurlar:
“Bu gün saat 0:00-dan başlayaraq, polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri sərt karantin rejimi tətbiq olunan bütün yerlərdə nəzarət tədbirləri həyata keçirirlər. Karantin qaydalarını pozan şəxslər saxlanılır, protokol yazılaraq cərimə olunurlar. Ancaq polisin qanuni əmrinə tabe olmayaraq, qaçmağa cəhd göstərən şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunur. Həmin şəxslərin əlavə olaraq, obyekt işlətmələləri yaxud digər qadağan olunmuş fəaliyyətlə məşğul olmaları ağırlaşdırıcı hal hesab edilir.
Lakin polisin əmrini anlayışla qarşılayıb tabe olanlara sadəcə olaraq, protokol yazılır və 100 manat cərimələnirlər”.
Xatırladaq ki, bu gün saat 0:00-dan Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonunda tətbiq olunan sərt karantin rejimi çərçivəsində insanların yaşadıqları yeri tərk etmək qadağandır.