<b>“Yazığın qarnını kəsib yerinə pişik balası qoydular”</b> -<span style="color:red;"> ƏSİR DÜŞƏRGƏSİ
15 yanvar 2015 13:25 (UTC +04:00)

“Yazığın qarnını kəsib yerinə pişik balası qoydular” - ƏSİR DÜŞƏRGƏSİ

II yazı

 

Əvvəli: http://news.lent.az/news/190200

 

Əsirliyin ilk günü. Ermənilər girovların arasında gəzişir, hərəyə bir təpik ilişdirir, qadınların boğazından yapışıb yuxarı qaldırır, diqqətlə baxıb kənara itələyirdilər. Uşaqlar qorxa-qorxa ata-anasına sığınmışdı. Başını bərk-bərk atasının sinəsinə sıxıb titrəyən yeniyetmə bir qızı dartıb atasının əlindən aldılar və döyməyə başladılar. Qızcığaz qışqırır, atasını köməyə çağırırdı...

 

Hər iki qolu arxasında burulub saxlanılan atası isə qışqırırdı:

 

- Buraxın, qızıma toxunmayın! Əclaflar! Kişisiniz, kişi ilə danışın! Nə işiniz var, mənimlə olsun. Qızımı buraxın, o uşaqdır!

 

Yekəpər bir erməni yaxınlaşıb qızı döyənlərin əlindən aldı. Onun ətəyini yuxarı qaldırıb başına keçirdi və qaldırıb zirzəminin ortasındakı böyük stolun üstünə çırpdı...

 

Ata çırpınır, dörd nəfər qoluzorlu erməninin əlindən çıxmağa çalışır, bağırırdı: “Buraxın qızımı, əclaflar! O, uşaqdır!”

 

Qızın anası isə başına döyə-döyə ağlayır, qızını buraxmaları üçün onlara yalvarırdı.

 

Girovlar uşaqlarının başını qucağına sıxıb, gözlərini, qulaqlarını bağlamağa çalışırdılar. Amma üzü ətəyinin altında gizlənən qızın naləsindən, “Ata” çığırtısından heç bir qulağı bağlamaq mümkün deyildi. O elə çarəsizcə bağırırdı ki, sanki yer üzündə heç bir qıza ata bu gün bu qızcığaza lazım olduğu qədər gərək olmamışdı. Sanki yer üzündə heç bir qız köməyə bu qədər ehtiyac duymamışdı...

 

Yeniyetmə qız, öz səsinin, ağrılarının, zirzəmini bürümüş ah-nalənin içindən öz atasının hönkürtüsünü aydınca eşidə bilirdi...

 

Zirzəmidəki qadınlar qışqırıb yalvarır, ağlayır, kişilər isə başlarını divara çırpıb hönkürürdülər...

 

Ermənilər girovların arasında dolaşıb körpəsinin gözünü yuman qadınlara mane olur, üzünü çevirən kim varsa stol üstündəki qan donduran vəhşətə baxmağa məcbur edirdilər.

 

Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı. Artıq qızın yenicə yumurlanmış döşləri onun ovcunda idi. Yekəpər qızın döşlərini var gücü ilə sıxır, sıxırdı...

 

- Yox, yaxşıdır. Xoşuma gəlir! – deyən erməni əlindəki süngü bıçağı ilə ovcundakı döşləri dibindən kəsdi...

 

Aylar, illər, onilliklər keçəcəkdi, amma yeniyetmə qızın çığırtısı bu zirzəmidəki insanların qulağından heç vaxt getməyəcəkdi...

 

Qızcığaz bağırırdı. O artıq atasını da köməyə çağırmır, sadəcə bağırırdı. Onun çığırtıları içində güclə eşidiləcək “Allah” nidası hiss olunurdu. O da ağrıdan qırıq-qırıq... tam eşidilmirdi... Bəlkə də heç allahı çağırmırdı...

 

Yekəpər erməni onun yenicə kəsilmiş döşlərini əlinə alıb stoldan kənara çəkildi. Qızcığaz stolun üstündə döşsüz sinəsindən yapışıb, ulayırdı...

 

Yekəpər erməni qəhqəhə ilə ovcundakı döşü atıb-tutduqdan sonra onu göyə vızıldatdı.

 

Qızın döşləri bayaqdan ermənilərin əlindən çıxmağa çalışan, hönkürən kişinin üzünə çırpılıb, ayağı altına düşdü. Atanın sifəti qana bulaşmışdı...

 

Ən dəhşətlisi isə o idi ki, girovların arasından hələ dörd yeniyetmə qız var idi. Bu o demək idi ki, hələ dörd ata hönkürəcək, dörd ana bayılacaq, dörd övlad stolun üstündə çığırıb ulayacaq və səkkiz kəsilmiş döş göydə fırlanıb uçuşacaq, qanını havalanmış girovların üzünə sıçradacaqdı...

 

Hələ uzun illər sonra da girovluqdan qurtulan insanların yuxusunda göydə qadın döşləri uçuşacaq, atalar hönkürəcəkdi...

 

Bu beş yeniyetmənin sonrakı taleyi heç kimə məlum olmayacaqdı. Ermənilər onları elə stolun üstündən sürüyüb aparacaq, onlardan bu yer üzündə bir zirzəmidə döşlərindən axan qan izi, bir də valideynlərin sinəsinə çəkilən dağ qalacaqdı...

 

***

 

- Aranızda gənc qadın çox idi?

 

- İçimizdə uşaq çox idi. Biz məshəti türkləri yaşayan ərazidə olurduq. Elə hamımızı tutub gətirmişdilər. İçimizdə yetərincə cavan qız, üç-beş ayın gəlini var idi. Hələ də o uşaqlar, o qızlar, o cavan gəlinlər qayıtmayıblar. Qəşəng-qəşəng qızlar, qadınlar idi, heyf... Amma dəqiq rəqəm deyə bilmirəm. Biz həmin günü, yəni əsir götürülən günü altmış yeddi nəfər idik.

 

- İki nəfəri, ağ bayraqla qarşılarına çıxanları elə ordaca öldürdülər.

 

- Hə, onları orda öldürdülər, altmış beş məshəti türkünü isə döyə-döyə gətirdilər. Amma yolda da öləni, itəni oldu. Altmış beş nəfərin hamısının dəyişib dəyişmədiyini də deyə bilmərəm. Artıq huşum özümdə deyildi... Bax, bu şəkildə məni döyüblər ki, niyə deyirsən ərim milis deyildi. Bu şəkildə isə uşaq əmizdirirəm.

 

- Südünüz var idi?

 

- İlk günləri var idi, sonra qorxudan qurudu. Şəkil təzə tutulanda çəkilib. Pis döyürdülər, özü də uşaqlarımın gözünün qabağında. Soruşurdular Qarabağ kimindir? Bizimdir deyəndə başlayırdılar başımıza-başımıza çırpmağa. Məni döyüb deyirdilər ki, sən bu saat ərini tap gətir bura. Deyirdim bilmirəm hardadır.

 

- Yeni ana olmuşdunuz. Səhhətiniz necə idi?

 

- Elə məni o əldən salmışdı. Elə halsız idim ki, uşaq qucağımdan nə vaxt düşüb, xəbərim olmayıb. Bədənim şişmişdi, sonradan burda həkimlər ayaqlarımı müalicə elədilər.

 

- Girovlara qarşı edilən işgəncələri Viktoriya İvleva da görürdü?

 

- Yox, o vaxtı içəridə ancaq girovlar və ermənilər olurdu. Viktoriya xanım tez-tez yanıma gəlib halımla maraqlanırdı. Mənə uzunboğaz çəkmə və corab, uşaqlarıma isə paltar tapıb gətirdi. Sərxanın başına sarğı qoydu, şəkillərdə də Sərxan başı sarıqlı düşüb. Biz dəyişiləndə də cibimə 50 rubl pul qoydu ki, uşaqlara xərclə. Nömrə də verdi ki, əlaqəni kəsmə, qayıdanda Azərbaycandan mənə zəng elə. Biz də Ağdamda dəyişiləndə nömrə çantamdan itdi.

 

- Çantanızı almamışdılar?

 

- Yox. Bircə içini açıb pul, qızıl axtarmışdılar. Mən də elə yerdə gizlətmişdim ki, tapmadılar.

 

- Harda gizlətmişdiniz?

 

- Elə çox pulum yox idi. Qızıl saatımı, sırğalarımı, üzüklərimi, qızıl beşliyimi, mirvari boyunbağımı, uşaqların doğum haqqında şəhadətnamələrini və kəbin kağızımı sellofan torbaya dolayıb, üst-üstə bir neçə əskiyə bükmüşdüm. Uşaqların çirkli əskisinə... Erməni çantamı dartıb əlimdən aldı, açanda gördü əskilər bulaşıqdı, “puff” eləyib tulladı çantamın içinə və atdı üstümə. Ağıllarına gəlmədi ki, uşaqların çirkli əskilərinə qızıl bükərəm...

 

***

 

Ermənilər gündə iki dəfə zirzəmiyə gəlir, əsirlərə işgəncə verir, aralarından  qadın seçib elə övladlarının, ərlərinin, qardaşlarının gözü qarşısında əylənirdilər. Mehriban tək həyat yoldaşının milis olduğunu gizlətdiyi üçün yox, həm də hələ də ayağından aşağı süzülən qana görən döyülürdü... Onu təpikləyən komandir əsgərlərinə bağırırdı:

 

- Bu türk zibilini niyə gətirmisiniz? Görmürsünüz iyrəncdir?! Neyləyəcəyik bunu? Nə işə yarayandır?

 

Təpiklənib bir küncə atılan qadın tez balalarını yığıb qucağına basır, üzlərini, gözlərini gizlətməyə çalışırdı...

 

Zirzəmidə kişilər divara sıxılıb başlarını tutur, daşlara hopub yox olmaq istəyir, çarəsizlikdən ağlayırdılar. Sifətlərinə dəyən təpik başlarını yuxarı qaldırır, saçlarından yapışıb üzlərini zorla zirzəminin ortasında qoyulan stola tərəf çevirirdilər:

 

- Baxın! Görün! Uzun illər qadın istəyəndə bizimkilərin yanına gəlmisiniz, indi növbə bizimdir! Türk qadınlarını ayağımıza gətirmişik!

 

Və...

 

Döşləri kəsilən yeniyetmə qızların atalarını seçib, əllərini arxalarında məftil ilə bağlayıb, sonra üzlərini çevirib divara çırpdılar:

 

- Onsuzda siz kişi deyilsiniz! Biz bunu sizə gözünüzün qabağında sübut elədik!

 

Ermənilər onların şalvarını çıxartmağa başlayanda qadınlar üzlərini tutub, başlarını aşağı saldılar. Hərbçilər girov qadınların arasında dolaşır, bu mənzərəni izləməkdən imtina edən qadınların sifətlərinə yumruqlayır, başlarını tutub zorla üzü divara söykədilən kişilərə tərəf çevirirdilər...

 

***

 

- Dəhşət idi, qızım. Dillə danışmalı, deməli deyil. Elə iki kəlmədən bir qışqırırdılar ki, “Siz kişi deyilsiniz!” Bizə də deyirdilər ki, “Kişi bizik”.

 

- Bütün bunlar uşaqların gözü qarşısında baş verirdi?

 

- Hamının yanında. Kişilərin əvvəlcə əllərini bağlayırdılar. Başlarını divara çırpırdılar, sonra başlayırdılar arxadan vurmağa. Xeyli döyəndən sonra da... Cavan gəlinlər var idi, onlara lap çox zülm elədilər. Uzun, bitmək bilməyən qış gecəsi, bir-birindən gözəl, yaraşıqlı qız-qadın... Onlar arada dəyişirdilər, bu çıxırdı, o biri gəlirdi. Amma işgəncələr dəyişmirdi. Bizi dəyişməzdən qabaq o gəlinləri seçib apardılar. Sonra onlardan xəbər çıxmadı. Aramızda on dörd – on beş yaşlarında cavan oğlanlar var idi, onları da götürüb apardılar, heç onlardan da xəbər çıxmadı...

 

- Bir də aranızda hamilə qadın olub...

 

- Hə, onun başına lap pis müsibət açdılar. Dəyişilməzdən əvvəl qarnını kəsib pişik balası qoydular.

 

- Sizin yanınızda?

 

- Yox, onu yanımızdan apardılar, amma uzaqlaşdırmadılar, səsi gəlirdi. Yazıq qadın necə dəhşətli bağırırdı. Sonradan bildik... O vaxt bunu qəzetlər də yazmışdı. Hələ doğmağına bir ay var idi, uşağını götürüb yerinə pişik balası qoyub, tikiblər. Pişık içəridə cırmaqlamağa başlayıb. Ağdamda əməliyyat edən həkim bunu görəndə ürəyi partlayıb, ölüb dedilər. Qadını da xilas eləmək mümkün olmadı...

 

***

 

Və bir gün zirzəminin qapısını açıb “Sizi dəyişirik” deyəndə girovların oturduqları yerdən qalxmağa halları yox idi...

 

Onları döyə-dəyə zirzəmidən bayıra çıxartdılar. Günlərcə bir-birindən dəhşətli işgəncəyə məruz qalan insanlar yeriyə bilmirdilər. Demək olar ki, qadınlar hamısı ayaqlarını aralı ata-ata sürünürdülər.

 

İşgəncəyə tab gətirməyib ölənlərin yaxınları hələ də zirzəmidə atılıb qalan meyitlərlə vidalaşırdı...

 

Rus jurnalist Mehribanla sağollaşıb, ona öz telefon nömrəsini və 50 rubl pul verdi. Mehriban pulu ermənilərdən gizlətmək üçün əvvəlcə qoynunda, sonra isə çıxardıb ayağının altında gizlətdi. Telefon nömrəsini isə çantasına qoydu. Qucaqlaşıb, sağollaşdılar.

 

Girovları “İkarus” avtobusuna mindirib, Ağdama gətirdilər. Mehriban övladları ilə atası evinə, Beyləqana qayıtdı. Xəstəxanaya yerləşdirdilər. Qadın müalicə oluna-oluna Abdullanın yolunu gözləyirdi. Bir gün palataya hərbçilər girdi:

 

- Həmzəyev Abdullanın həyat yoldaşısınız?

 

- Bəli!

 

- Bizimlə gəlməlisiniz, yaralanıb, sizi görmək istəyir...

 

Hələ girovluğun ağrıları canından çıxmayan Mehribanı maşına mindirib, apardılar. Qadın yol boyu Abdullanın yarasının ağır olmaması üçün dua edirdi.

 

Avtomobil yeni qurulmuş yas çadırının qarşısında saxlayanda, Mehriban hər şeyi başa düşdü. Kimsə yanında deyirdi:

 

- Bağışlayın bacı. Sizi bura başqa cür nə adla gətirə bilərdik? Yuyulmağa aparmamış görəsiniz istədik...

 

Qadın zorla atdığı addımlarla ortada uzadılmış cənazəyə yaxınlaşdı. Abdulla olmadığına o qədər inanırdı ki, görməsi üçün, üzünü açdılar. Güllə, burnunun sağ tərəfindən içəri girmişdi. Yaralı bir əsgər Mehribana deyirdi:

 

- Ağdamın Gülablı kəndinə çatmağımıza lap az qalmışdı, qadın səsi gəldi, “kömək edin” qışqırırdı... İkimiz də dikəldik... Güllə mənə dəyib, çıxdı, ona dəydi... Mən xilas oldum, onu xilas edə bilmədik... Gödəkçəsi ilə üzünü örtdüm ki, qurd-quş yeməsin, ara sakitləşəndə meyiti gətirib dəfn edə bilək...

 

Mehriban heç nə eşitmirdi. Onun dünyası qaralmışdı. Mehriban üçün sevdiyi kişini itirmək əsirlikdən də dəhşətli idi...

 

Abdullanı Beyləqanda dəfn elədilər, ata üzü görməyən körpəsinin sənədlərini alanda adını Günay yazdırdı:

 

- Atası nə deyib, o da olacaq. Azad olmadısa, Günay olacaq...

 

Bu da hələ son deyildi. Günay böyüyüb on üç yaşına çatanda qəfil dili tutulacaqdı. Həkimlər müayinə edəndən sonra ilk sualları belə olacaqdı:

 

- Körpə vaxtı travma almayıb?

 

Mehriban dəqiq cavab verə bilməyəcəkdi:

 

- Bilmirəm... Doğulandan üç gün sonra əsir düşmüşük. Onda qucağımdan qarın üstünə düşüb itib, onu mənə gətirəndə əl-ayağı qıpqırmızı idi. Amma həmin vaxt onunla necə davranıldığını bilmirəm...

 

Müharibənin çox amansız davrandığı Günay altı il susacaqdı. Zamanla ilk addımını atandan sonra yıxılacaqdı deyə, müəllimlər dərsə gəlməməyini məsləhət görəcəkdilər. Günay on doqquz yaşından bir ay sonra, 23 mart 2011-ci ildə dünyadan köçəcəkdi...

 

SON

# 2875
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar