“Bir ovuc şüşəni çeynəyib uddum...” – ƏSİR DÜŞƏRGƏSİ
19 avqust 2020 12:15 (UTC +04:00)

“Bir ovuc şüşəni çeynəyib uddum...” – ƏSİR DÜŞƏRGƏSİ

Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevriləndə artıq özü həyatda olmayacaqdı...

Müsahibin həyatda olmadığı bir vaxtda onun ağrılı səs yazısını dinləyib materialı hazırlamaq nə qədər çətin olsa da, əgər həqiqətən də başqa bir dünya varsa, O artıq həmin dünyada əzabsız yaşayır düşüncəsi insanı sakitləşdirir...

Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq...

 Əvvəli burada: I hissə

 II hissə

- Yaşayış binasının üstünə vurulan lövhəni göstərib, dirəndilər ki, oxu! Neçə kilometr yolu avtomobilin arxasına bağlanıb sürünən adam onu necə oxusun...? Amma... çox möhkəm vurdular... Vurandan sonra oxudum... Qara, böyük hərflərlə yazılmışdı: “Biz ölərik, Qarabağı vermərik”. Soruşdular ki, “Bəs niyə aldıq?” Daha nə deyim, qızım? Susdum... Artıq dilim qısa idi... Kəndi işğal etmişdilər... Ağıllarına gələni deyəcək, könüllərindən keçəni edəcəkdilər... Qələbələrini qeyd edirdilər! Zəncirlə avtomobilin arxasına bağlayıb sürüdükləri girov onlara nə deyə bilərdi ki?

Yaxınlıqda köhnə bir vaqon var idi, depo rəisi həmişə ora avtomobilin ehtiyat hissələrini yığırdı. Məni göndərdilər ki, get, onun içindəki şüşə qırıntılarını yığ... Əsirsən, nə tapşırırlarsa, etməlisən. Lap canın da çıxsa etiraz edə bilməzsən...! Baxdım ki, ətrafa “podpress” şüşələri ovulub yayılıb... Əlimə toplayıb kənara atanda dedi, atma, gətir bura!

Gəldim...

Dedi, at ağzına!

Duruxdum... Sonra bir az ağzıma atıb, saxladım...

Dedi, ağzında saxlama, ud, getsin!

Dedim, belə etmə də... noolub ki... niyə? Onsuz da kəndi almısınız, evimizi daşımısınız, məni də tutmusunuz, hara lazım bilsəniz, aparacaqsınız... Siz onsuz da qalib gəlmisiniz, indi məğlubun üzərində bir də qələbə çalmaqla nə əldə edəcəksiniz? Axı böyüklərimiz deyib ki, kişi yıxdığını vurmaz...

Dedi, yox ki, yox! Ovcundakını ud!

Qızım, ağzımda hansını sındıra bilirdimsə, əzirdim... Əzdim, uddum, getdi... Ancaq necə əzdim, necə uddum, necə getdi... bax, onu deyə bilməyəcəyəm... Çünki indiyə qədər bunu necə etdiyimi bilmirəm...

Sonra da dedi ki, mənimlə yüz qram araq içəcəksən, mən də səni buraxacam, çıxıb, gedəcəksən!

Elə sevindim ki! Dedim yaxşı, içərəm. Dəmir fincana araq süzüb, uzatdı. İçdim! Özü də içdi!

Sonra məni həmin vaqonun içinə salıb, qapısını bağladılar... Yenə sevindim, ümid etdim ki, onlar uzaqlaşan kimi vaqonun üstündəki lükdan çıxıb keçərəm “Dom briqada”nın arxasına, oradakı lükun qapağını qaldırıb, girərəm içinə... Orda məni kim tapar? Qaranlıq düşəndə də çıxıb, gizlicə qayıdaram Arazın sahilinə, uşaqların yanına... Hardan ağlıma gələrdi ki, məni vaqona salmazdan əvvəl həmin lükun qapağını qaynaq ediblər?

Bir az orada qalandan sonra məni çıxardıb, qollarımı arxadan məftillə bağlayıb, UAZ-a mindirdilər... Yalvardım ki, balalarım Arazın qırağında məni gözləyir, buraxın, gedim... Dedi, qabaqda buraxacam... Ancaq buraxmayacağına əmin idim, çünki yol kənarına meyitlər səpələnmişdi... Əgər sağ buraxsalar, onları da buraxardılar... Ona görə də çalışırdım özüm arxadan əlimi açım ki, körpünün üstündən keçəndə özümü çaya atım... O da mümkün olmadı...

Sonra bir zəminin kənarında maşını saxlayıb, düşdülər ki, ov edirik! Mənim də qolumu açdılar... Bir dovşan vurdular, başları ona qarışanda qaçıb girdim qaratikan kolunun dibinə... UAZ-la gəlib məni ordan çıxartdılar... Maşına qoyub, apardılar Xocavəndə... Onların dili ilə desək, “Martuni”yə...

- Kəndinizdən yadınızda qalan ən son mənzərəni necə təsvir edərdiniz?

- Talanan evlər, küçələrdəki yüklə dolu maşınlar, ermənilərin qabaqlarına qatıb apardıqları mal-qara, yanan yurd və yol kənarındakı hələ soyumamış meyitlər...

- Yaxşı, bəsdir, ağlama... Ağlama, Abbas... Sən özün sağ-salamat qayıdıb gəldin, bu mənə bəsdir...

- Əminə xanım, bütün bu müddət ərzində siz Arazın o tayında gözləyirdiniz...

- Bəli, qızım, Arazın o tayında oturub, gözümü bu taya, kəndimizə, evimizdən gələn yola dikmişdim...

Arazın o tayı...

...İllərdir insanımız üçün ən amansız ayrılığın, ən yanıqlı həsrətin adı belə olub – Arazın o tayı... Minlərlə insan dünyadan doğmasının intizarında, əli o taya uzalı köçüb...

Lakin “Arazı o taya keçə bilsəm, vətən torpağını öpəcəyəm” arzusu dilinin əzbəri olan insanlar o səddi elə şəraitdə keçdilər ki, bu anın nə zamanınsa diləyi olduğunu unutdular. Sən demə, dərd dərdi unutdururmuş...

Kimsənin ağlına gəlməzdi ki, gün gələcək, o taydan bu taya – doğma evinə həsrətlə boylanacaq...

Arazın o tayı...

Bu kəlmə indi həm də iki ay mühasirə şəraitində yaşayan zəngilanlıların erməni hücumundan sağ qalmaq üçün üz tutduqları yeganə ümid yerləri deməkdir... Çarəsiz insanlar evlərini tərk edərək, dədə-babalarının nisgilinə çevrilən, ömür boyu boylansalar da bir dəfə də olsun keçə bilmədikləri o taya pənah aparırdılar...

Mincivan qəsəbə sakini, uşaq yazarı Mehriban Nağıyeva zəngilanlıların Arazın o tayına necə keçdiklərini belə xatırlayır:

- 22 yaşım var idi, qızım qucağımda 3 aylıq idi... Dağın başında bütün kəndi ovcumun içi kimi görə biləcəyim evimiz var idi... Nağıl kimi... Hə, o günlər nağıla bənzəyirdi... Cəbrayılın işğalından sonra mühasirədə idik, nə işığımız var idi, nə qazımız...

Yoldaşım dedi ki, ermənilər kəndə girir, mühasirədəyik, Arazın qırağına çəkilməsək, yenə Xocalı faciəsi yaşanacaq... Şifoneri açıb, baxdım... Nə götürüm? Gözüm qaraldı, qapısını bağlayıb, qızımı qucağıma alıb, yoldaşımın yanına düşdüm... Çox qəribə vəziyyətdir, ağlına gəlmir ki, özünlə nə götürə bilərsən?

Anam bu günə qədər də xatırlayanda ağlayır... Evimizdən çıxıb Araza üz tutanda qazlarımız sürü ilə arxamızca yola düzəldi. Nizamı pozmadan, hüznlə arxamızca addımlayırdılar. Bizi tələsdirirdilər, “tez olun, ermənilər kəndə girir!” Qaçmağa başlayırıq, qazlar da arxamızca qaçırlar... Biz bacardıqca möhkəm qaçanda... onlar bizə çatmadı... elə sıra ilə də dayandılar... Ana qazın arxamızca baxışını hələ də unutmamışam, sanki ağlayacaqdı...

Araz sahilində adam çox idi. Bütün Zəngilan camaatı çayı keçmək üçün Mincivana gəlmişdi. Bilmirəm niyə, ola bilsin, çayın ən dayaz yeri Mincivanda idi. Həm də o vaxt dedilər, guya çayın suyunun azalması üçün nə isə tədbirlər görüblər ki, insanlar xilas ola bilsin. Ancaq bəxtimizdən biz də ən dayaz yerinə gəlib çıxmamışdıq. Mən çayı keçəndə su boğazımdan idi. Qızımı başımın üstünə qaldırmışdım ki, islanmasın. Kişilər böyük uşaqları boyunlarına alıb keçirdirdilər ki, çay aparmasın...

- Yenə də çayı keçərkən boğulanlar oldu...

- Bəli... “Titanik” filminə baxmısınız? Baxın, orada hər şey necə suya axır... Mən hər o filmə baxanda Arazı keçməyimizi xatırlayıram. Adamlar ümidi gələn əşyasını özü ilə götürmüşdü – xalça-palaz, yorğan-döşək... Hamısı çay aşağı axırdı... Mal-heyvan... İnək sürüsü çay aşağı gedirdi, ilahi! Uzun saçlı bir qız var idi, çay apardı... Tuta bilmədilər...

- Heç cür kömək etmək mümkün deyildi?

- Heç kim üzə bilmirdi. Ümumiyyətlə, insanlar çayı necə keçəcəyini bilmirdi. Həm də hərə öz hayında idi. Hamının başı öz balasına qarışmışdı. Xeyri adlı bir kişi var idi, oğlunu çay apardı, birtəhər tutdular, çıxartdılar, ancaq gec idi... boğulmuşdu... Meyitini gətirib İmişlidə dəfn etdilər...

Atam düz on nəfərin çayda necə boğulub, axıb getdiyini öz gözləri ilə görüb. Arazı keçmək asan olmadı. Kəndin adlı-sanlı həkimləri, tanınmış, vəzifəli adamları, sadə, kasıb kəndlilər... Hamısı eyni taleyi yaşayırdı – Arazın içində əliyalın çabalayıb, o taya keçməyə çalışır, sağ qalmaq uğrunda mübarizə aparırdılar. Ətrafda isə dəhşətli səslər var idi... Bütün bu dəhşətin içində qonşu qız məni tapıb bir düyünçə uzatdı: “Mehriban, uşağın əskilərini yuyub, sərmisən, ancaq yığmamısan! Gördüm quruyub, yığdım gətirdim ki, səni görsəm verim. Körpə uşağa dəyişək götürmədən evdən çıxarlar?” İlahi, mən heç bunu düşünməmişdim! Özüm su içində idim, körpəmi də sinəmə sıxdıqca islanmışdı...

Arazın sahilində dəhşət yaşanırdı – kimi deyirdi uşağın əmziyi qaldı, kiridə bilmirəm! Kimi deyirdi sənədlərim qaldı, gedim gətirim, yanındakılar qoymurdu... Kimi qızıllarının qaldığına ağlayırdı, kimi iti bağlı qoyduğuna... Kimi çıxanda çırağı söndürməmişdi, qorxurdu evi yana... Kimi də əşyaları üçün geriyə qayıtmışdı, ailə üzvləri Arazın kənarında səksəkə içində idilər...

Arazın qolları çox idi, birindən isə ümumiyyətlə, ayaqla keçmək mümkün deyildi. Ya üzməliydin, ya da...

Yaxşı ki, orada çox köhnə lafetli bir traktor var idi. İnsanları növbə ilə ona doldurub, o taya keçirirdilər. Bizim növbəmiz çatanda artıq hava qaralırdı. Lafet o qədər köhnə idi ki, hər dəqiqə sıradan çıxa bilərdi. Həyatımızı riskə atırdıq... Çay demək olar ki, lafetin kənarı ilə bərabər idi... İndi qırılacaq, suda batacaq qorxusu ilə titrəyirdik... Bu həyəcan, ətrafdan ucalan ah-nalə, övladını çay aparan anaların harayı, zülm ərşə dirənirdi...

Anam əlimdən tutmuşdu, bir əlimlə qızımı qucağıma basmışdım... Qaranlıqda anamın üzünü xatırlayıram... Üzü göyə dua edirdi... Dodaqları açılıb yumulurdu... O səs küyün içində onun duasını eşitməyə çalışırdım: “Ay Allah, kömək elə o taya sağ-salamat keçək...”

Anamın duaları qəbul olundu... Lafet bizi o taya sağ-salamat çatdırdı... Ancaq... ancaq biz o taya çatanda raket səsləri ətrafı bürüdü... Ermənilər Mincivanı ağır artilleriyadan atəşə tuturdular...

O taydan evimiz aydınca görünürdü... Mən evimizdən qalxan tüstünü gördüm... İlahi, evimə! Evimə! Evimə od düşmüşdü! Mən o taydan evimin necə od tutub yandığını görürdüm! Ağlayırdım... Məni sakitləşdirməyə çalışırdılar... Mən isə geri qayıdanda harada yaşayacağımı düşünürdüm... Axı qış azuqəmizə qədər hazırlamışdıq... Bir neçə həftə əvvəl yoldaşım qış uzunu yandıracağımız odunları doğramışdı, onları qucağımda daşıyıb, yığmışdım... İndi hər şey... hər şey yanırdı... Əlimizin qabarı, alnımızın təri, ürəyimizin arzuları... hamısı... Bu dəhşət idi...

...Artıq axşama Araz sahilində şəhərcik salınmışdı – çadır şəhərciyi! Mən bilmirəm o çadırları hardan tapdıq... Amma hərə başını təpmək üçün bir çadır qurdu... Lap ordan burdan tapdığı payaları torpağa basdırıb, üstünə mələfə çəkənlər də var idi... Özümüz isə ac-susuz, yaş paltarda titrəyirdik... Nəyimiz var idi ki? Ermənidən qorumaq istədiyimiz nəyimiz var idisə, Araz əlimizdən aldı...

Bizim qohumların İran azərbaycanlıları arasında tanışı var idi, bizi evlərinə apardılar. Evə girəndə heyrət etdim. Yer torpaq idi, palaz atmışdılar. Evdə köhnə bir çarpayı toru var idi, hər küncünə bir “kubik” qoymuşdular. Dedilər ki, evin ağsaqqalının yeridir... Bəs qalanları? Onlar isə axşamları yerə döşək atıb yatırlar... Bizə dedilər ki, bilirik, siz fərqli həyat yaşamısınız, biz həmişə Arazın bu tayından oraya – sizin evlərinizə baxanda firəvan həyatınıza həsəd aparırdıq... Bax, onda başa düşdüm ki, biz doğrudan da nağıllar diyarının sakinləri olmuşuq və artıq nağıl bitib... Reallıq isə bundan ibarət idi ki, günlərlə oturmağa stul tapmırdıq. Bir körpəni qucağında neçə gün tuta bilərsən axı?

- Araz sahilində nə qədər qaldınız?

- Anamgil tez gəldi, biz isə baldızımgilin maşını ilə gələcəkdik, onlar bir həftəyə qədər yubandılar... Bu müddət ərzində İran tərəfi çox kömək etdi, ərzaq payladı. Bakıya gələnə qədər də yolda maşınları saxlayıb, çörək və konserv verirdilər...

- Zəngilandan girov götürülənlər barədə nə bilirsiniz? O vaxt nəsə danışırdılar?

- Erməni əlinə keçən çox oldu. Bizim Qəmər müəllimənin oğlu itkin düşmüşdü. Univermaqda Nazoş adlı qız var idi, eşitdim ki, evdən çıxanda onu tutublar. Roza müəllimənin anası evindən çıxmadı. “Evimdən artıq deyiləm ki, getmirəm”, dedi...

- Çıxmayanlar oldu. Məsələn, 4 ay girovluqda qalan 63 yaşlı Məryəm Cəfərova deyir ki, düşündüm ki, mən milliyyətcə tataram, yəqin mənə dəyməzlər...

- Bəli, elə yaşlı adamlar var idi ki, onlar çıxmadı... Xeyransa xala var idi, dedilər o da qalıb... Üdgün kəndindən 3 uşaq anasının evindən çıxmayıb, ov tüfəngi ilə neçə erməni öldürdüyünü deyirlər. Uşaqları ilə girov götürüblər...

- O günlərdən heç unuda bilmədiyiniz nələr var?

- Arazın kənarında bir ailə 12-14 yaşlarında 3 övladını bizə tapşırıb, sənədlərinin arxasınca evə qayıtdı. Onlar gedən kimi atəş səsləri eşidildi. Uşaqlar necə ağlayırdı. Tez-tez ürəkləri gedirdi, onları özlərinə gətirməyə çalışırdıq. Valideynləri sonradan qayıtdılar, ancaq o uşaqları heç vaxt unuda bilmədim. Bu günə qədər də yuxuma girirlər. O uşaqlar, havada uçan raketlər, od tutub yanan evimiz, bir də Arazın o tayına keçməyimiz, çay aşağı axan insanlar, əşyalar... Tez-tez yuxuda görürəm, qan-tər içində oyanıram... Həkimə də getmişəm, deyir bunun müalicəsi yoxdur. Yaşadığın travma artıq sənin beyin hüceyrələrinə hopub...

Arazın o tayı...

İllər keçəcəkdi, hələ də Qarabağlılar İrana gedib, Araz sahilindən – o taydan bu taya – erməni işğalında olan torpağına tamaşa edəcəkdi... Amma hələ ki, 1993-cü ilin payızıdır. Əminə xanım övladları ilə birlikdə Arazın o tayında oturub, Abbasın gəlişini gözləyir...

- Qadını, uşağı Arazın o tayına keçirəndən sonra evinə qayıdıb nəsə gətirən çox idi, hamısı gəlirdi, bircə Abbasdan xəbər yox idi. Hər gələnin qabağına qaçıb Abbası soruşurdum, “narahat olma, gələr”, deyirdilər... Kim kimədir, pis zaman idi, hamının başı özünə qarışmışdı. Oktyabr ayında qaranlıq tez düşür, ona görə də çayı keçənlər də narahat idi, əllərindən nə isə düşəndə tapmaq olmurdu... Neçə nəfər evinin açarını çayda itirdi, axtarırdı... Nə ağlımıza gələrdi ki, bu açar bir də heç vaxt bizə lazım olmayacaq?

Axşam düşdü, qar yağmağa başladı... Yemək də götürməmişik... Arazın kənarındakı böyürtkən kollarını qırıb, ocaq qaladım. Maşına atdığım çayniki Arazın suyu ilə doldurub, qoydum qaynamağa... Dedim daha gecə düşür, Abbas harada olsa indi gələr, yəqin donub... Heç olmasa isti çay hazırlayım...

Xeyli aralıda ocaq alışdı. Uşaqlara dedim, yəqin atanızdır! Qaranlıqda göz-gözü görmür, bizə xəbər verir... Uşaqlar getmək istədi, qoymadım. Dedim siz maşının yanında qalın, qaçdım ora... Gördüm bizimkilərdir, maşını olanlar gedirdi, bunların maşını yoxdur, burada ocaq qalayıb, kömək gözləyirlər...

Araz boyu qaçaraq üzü biz tərəfə “Abbas” çağıra-çağıra qaçdım... Səsim gedir, qayıtmırdı... Uşaqlar dedi atam gəlmədi, bəs necə edək? Dedim atanız gəlməsə, mən onsuz heç yerə gedə bilmərəm... (Ağlayır)

- Arazın kənarında nə qədər qaldınız?

- Düz 15 gün! İki uşaq ilə...

- Uşaqlar neçə yaşlarında idi?

- Biz 1972-ci ildə ailə qurmuşuq. Qızımı köçürmüşdüm, ərinin evində idi. Kiçik oğlum 8-ci sinifdə oxuyurdu. Böyük isə 11-ci sinfi qurtarmışdı...

- 15 gün ərzində Araz sahilində sizdən başqa da ailə var idi?

- Yox qızım, hamı getmişdi. Mən evimin kişisini, başımın böyüyünü gözləyirdim. Onsuz hara gedəydim?

- Bəs orada necə yaşayırdınız?

- İran kömək edirdi. Arada yeməkdən-zaddan gətirirdi. Gün boyu sahildə oturub, gözümü dikirdim bu taya ki, Abbas gələcək. Axırda İran polisi dedi ki, burada qalma, uşaqların yazıqdır... Bax, erməni çayın o üzündədir, atacaq, gəlib dəyəcək balalarına... Ancaq necə edim? Hara gedim? Mən burada yaşamıram, gözləyirəm! Abbas gəlsə, məni burada axtaracaq. Getsəm, Abbas bizi necə tapar? Getmək, artıq Abbası gözləməmək deməkdir...

Davamı olacaq...

 

Növbəti bölümdə:

- Əsir düşməyimdən bir-iki ay keçmişdi. Elmira xanım əlinə-ovcuna düşəndən verirdi, biz də buşlatın altında gizlədirdik... Sonra qaldığımız yerə gələndə hamımız gizlətdiklərimizi çıxardıb, üstündəki biti dəmirlə qaşıyıb yerə töküb, qoyurduq ortaya ki, qardaş, verdikləri budur də, neyləyək, bölüşək, yeyək...

- Klarnet və qarmonda erməni havası çalırdılar... Bizi də saldılar ortalığa ki, oynayın! Neyləyə bilərdik? Yaxşı bilirdik ki, bizi bura oynatmağa gətirməyiblər, ancaq yenə də qol götürüb oynadıq... Oynadıqca da başladılar bizimlə məzələnib, dubinka ilə vurmağa... Məcbursan ki, daldalanasan, qaçıb hansısa bir tinə girəsən... Amma oynamasan da, cəzan lap ağır olacaq...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32611
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar