Qaradağlı sakini Rafiq Quliyev
17 fevral 2021 16:08 (UTC +04:00)

Qaradağlı sakini Rafiq Quliyev

Kəsik başların harayı, qonşu kamerada ölən ata, sevgilinin sirli adı... – ƏSİR DÜŞƏRGƏSİ

Bu gün Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi qətliamın 29 ili tamam olur. Lent.az “Əsir düşərgəsi” layihəsindən Qaradağlı faciəsinə həsr olunmuş bölümü təqdim edir.

***

1990-cı ilin ilk dəqiqələri idi. Quliyevlər televizorun qarşısına yığışıb, Zeynəb Xanlarovanı dinləyirdilər. Xalq artisti bu dəfə fərqli repertuarla çıxış edirdi. Qarabağdan oxuyurdu:

Sən mənimsən, Qarabağ,

Vətənimsən, Qarabağ...

Ürəyimsən, Qarabağ...

Sədaqət pəncərədən boylanıb, səmanı bürüyən yaşıl, qırmızı, sarı güllələri seyr edir, dağın başından yamac aşağı, kəndə tərəf diyirlənən yanan çəlləklərə baxıb, deyinirdi:

- Buna bax, heç belə bayramımız olmamışdı. Elə bil fişəngdir... Kökü kəsilmişlər bizi belə təbrik edirlər...

Uşaqlar gözlərini televizordan ayırıb, Sədaqətə tərəf döndülər:

- Ay ana, başını içəri çək, bu saat güllə sənə dəyəcək.

Səhər açılanda biləcəkdilər, kənddən kimin təsərrüfatına ziyan dəyib, kimin neçə mal-qarası tələf olub...

Xocavənddə dağın ətəyində yerləşən Qaradağlı kəndinin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olurdu. 1988-ci ildən isə əli silah tutan sakinlər özlərini müdafiə məqsədi ilə səfərbər olmuşdular. Ermənilərin yaşadığı kəndlərin əhatəsində yerləşən Qaradağlı münaqişə başlayan gündən mühasirədə idi...

***

1991-ci il, 28 iyun.

Ermənilər yenə dörd tərəfdən Qaradağlıya hücum etmişdilər. Atışma bir xeyli uzandı. Bir neçə evi yandırdılar. Kənd camaatı Vərəndəli adlanan ərazidəki fermadan qalxan yanğını görüb, hadisə yerinə qaçdı. Alov o qədər güclü idi ki, kəndin hər tərəfindən görünürdü. Artıq silahlar susmuşdu. Qaradağlı camaatı fermaya yaxınlaşdıqca ətrafa yayılan yanıq qoxusundan dəhşətə gəlirdilər... Fermada üç qadınla üç kişini bir-birinə bağlayıb, diri-diri od vurmuşdular...

***

1991-ci il, 8 sentyabr.

Əloğlanın on səkkiz yaşı yenicə tamam olmuş, iki gün əvvəl pasportunu almışdı. Xocavənd-Xankəndi yolunda pusquda dayanan erməni silahlıları Ağdamdan Qaradağlıya gələn sərnişinləri atəşə tutanda, Əloğlan da həmin “İkarus”da idi. Güllələr qəfil avtobusun üstünə yağanda qarışıqlıq düşdü, hərə bir tərəfə əyildi. Kəndin ağbirçəyi, səksən doqquz yaşlı Rəxşəndə arvada dəyən güllələr onu avtobusun tavanına qaldırıb, döşəməsinə sərdi...

Gənc bir qadının boynunun arxasından qan fışqırırdı...

Kimsə qışqırdı:

- Əloğlan, aşağı əyil, görmürsən atırlar! Güllədən qorunmaq lazımdır...

- Qadın da əyilsin, mən də...

Əloğlanın sözü ağzında qaldı. Ciyərini deşib keçən güllə onu susdurub, yanında əyləşən qadına dəydi...

Sürücü Zülfüqarı ayaqlarından yaralamışdılar. Məqsəd avtobusu dayandırıb, bütün sərnişinləri öldürmək idi. Zülfüqar avtobusda olan qırxa yaxın sərnişini ölümdən qorumağa çalışır, sürətlə kəndlərinə sarı şütüyürdü...

Avtobus kəndə girəndə səkkiz ailəyə – iki gənc oğlanla altı qadının ailəsinə qara xəbər gətirmişdi... On yeddi nəfər yaralı idi... Əksəriyyətinin yarası o qədər dərin idi ki, həyatlarını xilas etmək mümkün olmayacaqdı...

Bu, müharibənin Quliyevlər ailəsinə vurduğu ilk zərbə idi. Kənd camaatı ailənin üçüncü övladının meyitini gətirdi... Əloğlanın döş cibində fəxrlə gəzdirdiyi sovet pasportu qana bulaşmışdı...

Bu hadisədən sonra Qaradağlıya sərbəst gediş-gəliş mümkünsüz idi...

***

Bağban Əlastan kişinin beş oğlu, bir qızı var idi. Böyük oğlu Rafiq 1989-cu ildə Qazaxıstanda hərbi xidmətini başa vurub qayıdandan sonra yaşıdları ilə kəndin müdafiəsinə qoşulmuşdu. İyirmi bir yaşı vardı.

Əloğlanın vəfatından sonra iyirmi yaşlı qızı ilə kiçik oğlanları Bəyoğlanla Güloğlanı kənddən çıxartmışdı. Bütün ailələr qadınları və uşaqları qonşu rayonlarda yaşayan qohumların evinə göndərmişdilər. Sədaqət isə kənddə idi. Qaradağlıda cəmi on bir nəfər yaşlı qadın qalmışdı.

Rafiq dostları ilə tez-tez erməni postlarına kəşfiyyata gedir, hərdən silah tapıb gətirirdi. Heç yandan kömək almayan kənd adamları müdafiə olunmaq üçün hansı yollasa silah əldə etməli idilər. Kəndin yeniyetmələri nazik qaz borusundan tüfəng hazırlamağı öyrənmişdilər. Onlar da böyüklərlə birgə postda dayanırdılar.

“Aramo” və “Arabo” batalyonları, “Avo” ləqəbli Monte Melkonyan və Rusiyanın 366-cı motoatıcı polku Qaradağlıya hücum edəndə 1992-ci il, fevralın 14-ü idi. Münaqişənin ilk günlərindən erməni ilə üz-üzə dayanan kənd camaatı döyüşür, təslim olmurdu. Döyüşlər fevralın 17-dək, kənd camaatının gülləsi tükənənə qədər davam etdi.

Növbəti gün kəndə doluşan ermənilər mövqelərini möhkəmləndirə bildilər.

Hücum vaxtı kənddə qalan yüz on səkkiz nəfər kolxozun inzibati binasına toplaşmışdı. Döyüş də əsasən bu bina uğrunda gedirdi. Köhnə tikilinin divarları o qədər qalın idi ki, burada güllədən qorunmaq olurdu. Pəncərədən içəri dolan güllələr isə boşa getmirdi...

Rafiq mövqeyini bu binadan kənarda, “odunxana” adlanan yerdə qurmuşdu. Binaya atəşin haradan açıldığını görüb, pulemyotla həmin yerləri nişan alırdı. Ermənilər kəndə doluşanda Rafiq hərbçi geyimini dəyişib, üzünə bağladığı dəsmalı açıb, kənd adamlarının yanına gəldi.

Meyitlərini yığmaq adı ilə kəndə soxulan ermənilər adamlarla vəhşicəsinə davranaraq, yaşlıları və qadınları bir, cavanları isə başqa bir yük maşınına yığdılar.

Güloğlan adlı kənd sakini əhalinin toplaşdığı binadan qaçıb təndirdə gizlənmişdi. Ermənilər onu evləri qarət edərkən tutub, Qarakəndə aparacaq, aylar sonra tanınmaz halda qaytaracaqdılar...

Başında qara çalma olan “Arabo” batalyonunun komandiri Manvel Yegizaryan girovların arasındakı üç yeniyetməyə diqqətlə baxıb, döyüşçülərinə tapşırıq verdi:

- Bu uşaqları dəstədən ayırıb, mənim maşınıma oturdun. Onlar mənə lazım olacaq!

Mobil adlı kənd sakini yalvarırdı:

- Buraxın məni, mənim altı qızım var. Onları başsız qoymayın...

- Buraxırıq! Amma bir şərtlə, həmin dəqiqə burdan rədd olub gedirsən. Azadsan! Qaç!

Mobil üzünü çevirib qaçanda avtomatdan açılan atəş onu arxadan itələyib qarşıdakı tut ağacına çırpdı. Mobilin bədəni parçalanmışdı...

Girovlarla dolu maşınlar Xankəndi istiqamətinə gedirdi. Kəndlərdən keçdikcə artıq əvvəlcədən “türk gətirəcəklər” xəbəri eşidən sakinlər yollara düzülmüşdülər...

Yolboyu maşını saxlayıb elan edirdilər:

- Türk istəyirsiniz?

- İstəyirik!!!

Gənclərin yığıldığı maşından bir neçə nəfəri aşağı endirib işgəncəylə öldürürdülər. Maşının arxasınca bağırırdılar:

- Birini də, birini də...

- Gələn dəfəyə qalsın! Bu hələ başlanğıcdır, tezliklə daha çox türk qanı axıdacağıq!

Maşın Bəylik bağında dayanmışdı:

- On nəfər aşağı ensin!

Heç kim yerindən tərpənmədi. Bir neçə silahlı avtomatını maşının içinə uzadıb, atəş açdı. Neçə nəfərin başı oturduğu yerdə dostunun çiyninə düşdü... Neçəsi yaralandı...

Erməni diasporunun maliyyələşdirdiyi muzdlular xüsusi qəddarlıqları ilə fərqlənirdilər.

Peşəkar cinayətkarlardan toplanmış “Aramo” və “Arabo” dəstəsinin qaydası belə idi ki, insanı öldürəndən sonra mütləq üzərinə benzin töküb bir kibrit çəkməklə işlərini tamamlayırdılar. Meyiti yandırmasalar, işi yarımçıq hesab edirdilər.

Livan və Suriyadan gətirilən, erməni terror təşkilatı ASALA-nın düşərgələrində təlim və döyüş hazırlığı keçən qatillərin qaydaları bu cür idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı imperiyasının ərazisində türklərə qarşı terror, qətliamlar törətmək üçün formalaşdırılmış ilk erməni terror dəstələrindən birinə başçılıq edən Arabonun şərəfinə adlandırılan batalyon əcdadlarının yarımçıq qoyduğu işi tamamlamalı, Azərbaycan türklərini yer üzündən silməli idilər. Bu dəstələrdə toplaşmış iki yüzə yaxın erməni doğulan gündən bu amala köklənmişdi.

Yol boyu min bir işgəncə ilə öldürdükləri girovların başlarını kəsib, kisəyə yığır, bədənlərini isə silos quyusuna atırdılar. Başla dolu kisəni maşının arxasına atanda girovlardan biri qorxa-qorxa soruşdu:

- Axı niyə başlarını kəsib yığırsınız...?

- Biz bu başlarla gələcəyimizi quracağıq! Siz başa düşməzsiniz, bu başlar çox qiymətlidir, bunlarla çoxlu pul qazanacağıq. Oralarda, yuxarılarda türk başının qiymətini bilirsiniz? Yox! Sizdə o baş yoxdur axı, haradan biləcəksiniz. Türk başı ermənilər üçün çox dəyərlidir.

Yaşlılardan biri dözməyib soruşdu:

- Bu cavanları niyə qırırsınız? Heç olmasa bizi öldürün, yenə biz bir gün görmüşük.

- Türk ki, türk də, başı xarabdır! Neynirik səni öldürüb? Onsuz da ölürsən də, kaftar şeysən, vaxtın çatıb! Bu uşaqların isə gələcəyi qabaqdadır. Onlar bu gün çox şeyi görürlər, əgər indidən onları susdurmasaq, sonradan bu günün qisasını bizim balalarımızdan alacaqlar! Ölməkləri məsləhətdir, öldürürük!

Hərəni bir üsulla öldürürdülər. Heç kimin aqibəti eyni olmurdu. Birinin başını süngü bıçağı ilə kəsir, o birinin başını iki yerə ayırırdılar... Kimini kök olduğu üçün maşına çıxmağa çətinlik çəkdiyindən öldürür, kiminin sinəsinə bir daraq güllə boşaldırdılar. Yaşlı bir kişinin başına belin sapı ilə döyərək öldürdülər... Birini yerə uzadıb, üstündən “KamAZ”la keçdilər.

Kimini öldürdükləri adamların qanını içməyə məcbur edir, “Lənətə gəlmiş türk qanını iç” deyirdilər. İçməyənləri isə döyərək öldürürdülər...

Yaşlı qadınları yolda düşürdüb Əsgəran Rayon Milis Şöbəsinə, qalan girovları isə Xankəndinə gətirdilər. Maşın Xankəndi orta məktəbinə çatanda, artıq otuz altı nəfəri öldürmüşdülər. Komandirin maşını qabaqda dayananda içindəki yeniyetmələr yox idi...

Onları soyundurub, nazik köynəkdə, ayaqyalın orta məktəbin zirzəmisində saxladılar. Burada girovları o qədər döydülər ki, heç kimin addım atmağa heyi qalmamışdı. Yerli ermənilərin tamaşasına yığıldığı işgəncələr müxtəlif idi. Məsələn, girovları üzüstə yerə uzadır, üstləri ilə gəzirdilər. Tərpənən olarsa, ölənə qədər çırpırdılar...

Bir neçə gündən sonra onları yığıb Xankəndi həbsxanasına gətirdilər. Həbsxananın işgəncə otağında divardakı suvağın içindən şüşə qırıqlarının ucu çıxırdı. Girov hər dəfə döyülüb divara çırpıldıqca şüşə üzünü, bədənini doğrayırdı...

Növbəti işgəncədən sonra girovların hərəsini bir kameraya sürüdülər. Çiynindən ağır yara aldığından, Rafiqin öləcəyini güman edib, ayrıca bir kameraya atdılar. Gündə bir dəfə bir tikə çörəklə balaca dəmir qabda qar suyu verirdilər. Bir gün onun sağaldığını hesab edib, kameradakı girovların yanına qaytardılar. Kameradakılar o qədər döyülmüşdü ki, heç kimi tanımaq mümkün deyildi.

Dişi çəkilmiş, gözü partlamış girovlar hamısı bir-birinə oxşayırdı, vahiməli idilər...

***

- Hamınızı bir kameraya yığdılar?

- Bir neçə gün atamla bir kamerada qaldıq, sonra bildilər ki, ata-balayıq, ayrı-ayrı saxladılar. Sonra da yaramın ağır olduğuna görə öləcəyimi düşünüb, hamıdan ayırdılar. Hardasa bir ayacan onların meyitxana hesab etdikləri yerdə tək qaldım... Gündə bir dəfə bir tikə çörək gətirib atırdılar. Bir də balaca dəmir qabda su qoyurdular qapının qabağına...

- Atanız harada idi?

- Erməni dilini bildiyinə görə, onu olduğu kamerada “başçı” seçmişdilər...

- “Başçı”nın vəzifələri nədən ibarət olur?

- Kamerada baş verən hər şeyə görə cavabdeh olur. Məsələn, təpikləyib döyürdülər, yaşlı kişilər idi, səhər oyananda yerdən qalxa bilmirdilər. Ağrıyırdılar axı... Onlar qapını açanda kimsə ayağa qalxmasa atama deyirdilər, niyə ayağa qalxmır? Bizi saymır? Buna görə atamı cəzalandırır, döyürdülər. Atam deyə bilmirdi ki, gecə döyülüblər.

- Sizin kameradakıların hamısı cavan idi?

- Bəli. Bir yerdə döyüşdüyümüz uşaqlar idi. Baxşeyiş, Seyyur, Şahruz, İlqar, Tapdıq, Ələddin... Səkkiz-doqquz nəfər idik. Seyyur çənəsindən yaralanmışdı. “Arabo” batalyonunun döyüşçüləri maşının içinə avtomatla atəş açanda güllə çənəsinə girib içəridə qalmışdı. Möcüzə nəticəsində sağ qalmışdı. Ermənilər elə bilirdilər ki, döyüş vaxtı onlara pulemyotla atan Seyyur imiş. Buna görə ona necə işgəncələr verirdilər... Sonradan bildim ki, Seyyur bütün əzablara dözüb, amma o adamın mən olduğumu dilinə gətirməyib...

***

Güllə Seyyurun üzündən girib içəridə qalmışdı. Özünü də qədər incitmişdilər ki, ağzını aça bilmirdi. Dayısı Baxşeyiş onun çörək payını ağzında çeynəyib, əzib Seyyurun ağzına qoyur, Seyyur artıq çeynənmiş tikəni belə çətinliklə udurdu.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə girovlara dəmir qablarda noxud şorbası verirdilər. Hər kasada bir çömçə şorba olurdu. Rafiq ayağa qalxanda halsızlıqdan yıxılıb başını divara çırpmışdı deyə, kameradakı bütün girovlara qayğı göstərən Baxşeyiş öz şorbasını ona uzatdı:

- Rafiq, üzünün yağını sən iç ki, ölmə, bir az da yaşa... Görək axırımız necə olur...

Burada girovların bir-birinə verməyə bu bir çömçəlik şorbadan başqa heç nəyi yox idi. Onu da sona qədər paylaşmaq olmazdı... Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri içəri girəndə Baxşeyiş öz kasasını Rafiqə tərəf uzadıb dayanmışdı. Rafiq acgözlüklə şorba içirdi...

Girovlara bir-birini döydürür, üzlərinin tükünü yolmağa məcbur edir, hətta qızıl dişlərini də bir-birinə sökdürürdülər. Vintaçanı əllərinə verib, əmr edirdilər:

- Onun qızıl dişlərini üç dəqiqə içində ağzından çıxardıb mənə ver...

Və yaxud qızıl dişli girovların başını həbsxana qapısındakı nəfəslikdən çıxardıb, ordan kəlbətinlə dişini çəkirdilər...

Seyyurla Baxşeyiş nişan üzüklərini alt paltarlarının içinə bağlayaraq gizlətmişdilər. Kameranın “başçı”sı olan Baxşeyiş fürsət düşəndə həbsxana rəisinin müavininə dedi:

- Sənə qızıl versəm, mənə nə verərsən? Bax, onsuz da ölürük, biz öləndən sonra o qızılı başqaları götürəcək, qoy sənin olsun...

- Nə istəyirsiniz ki?

- Adam burada nə istəyər? Quru çörəklə siqaret...

Baxşeyiş gizlətdiyi iyirmi qramlıq qızıl üzüyünü rəis müavininə verib, əvəzində yeddi “Prima” siqareti aldı. Ac, yorğun, yaralı, bezmiş insanlar üçün bu siqaretlər indi hər şey idi. Rəis müavini bir də para çörək gətirmişdi.

Bir neçə gündən sonra Baxşeyiş Seyyurun da üzüyünü həmin erməniyə verdi. Bundan sonra onların kamerasına gələn çörək normasının üstündə Baxşeyişlə Seyyura artıq bir dilim çörək də əlavə olunurdu.

İndi qalırdı bu çörəkləri bütün girovlar arasında elə bölmək ki, hamıya eyni qədər çatsın. Bir də yumru çörəkləri bölüb dilimləyəndə kənardakı tikələr kiçik alınırdı. O kimə düşsə, onun payı az olurdu. Girovlar bunun da yolunu tapdılar. Hər dəfə birinin üzünü divara çevirirdilər. Baxşeyiş dilimlənmiş çörək tikələrini əlinə alırdı:

- Bu kimin olsun?

Üzü divara çevrilmiş adam təxmini bir ad deyirdi:

- Rafiqin!

Və yaxud:

- Seyyurun!

- Şahruzun!

- Tapdığın!

Beləcə, onlar çörəklərini də ədalətlə bölürdülər.

***

Martın 30-u idi. Hərbçilərdən biri qapını açıb əlindəki kağız parçasından girovların adını oxumağa başladı:

- Sizi aparırıq!

Adı çəkilənlər dəhlizdə düzüldülər. Başqa kameralardan da girovlar var idi. Hamı bir-birinə “yəqin qəbir üstünə aparırlar” deyə pıçıldayırdı.

Burada ən çox yayılmış ifadələrdən biri “qəbir üstünə aparmaq” idi. Qəbir üstünə aparılanların başına nə gələcəyini hamı bilirdi. Bu günə qədər çox gəncin başını erməni qəbirlərinin üstündə kəsmişdilər. Rafiqgil kameradan çıxanda erməni məzarı üstündə başlarının kəsiləcəyini düşünürdülər...

Onları UAZ-la Qarağacı qəbiristanlığına gətirdilər. Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov on bir ermənini təhvil verib, on bir Qaradağlı sakinini aldı...

***

- Rəhmətlik Allahverdi Bağırov çox böyük iş gördü. Biz girovların üstündə onun əziyyəti çox oldu. Məni, anamı, əmimi, hətta atamın meyitini də o dəyişib…

- Əminiz də əsir düşmüşdü?

- Bəli. Quliyev Yusif. Elə bir yerdə dəyişildik. O, başqa kamerada idi...

- Atanızın ölümü haqda danışaq...

- Gələndən sonra bildim atam haqda... Aclığa və işgəncəyə dözməyib, ölüb... Yaşlı adam idi... Elə mən girovluqda olanda ölüb. Atam qonşu kamerada ölüb və divarın bu üzündə mənim bundan xəbərim olmayıb… O günlərdən elə hadisələr var ki, bu gün də yadımdan çıxmır...

- Bir neçəsini danışa bilərsiniz?

- Bizim kamerada Fazil var idi. Ağır döyülmüşdü, səhər gördük inildəyir. Baxşeyiş başını qucağına aldı, bir kəlmə “Balalarıma deyərsən...” deyib keçindi... Balalarına nə demək istədiyini bilmədik...

- Neçə yaşı olardı?

- Otuz altı yaşı var idi. Altı uşaq atası idi... Bir də heç vaxt unutmadığım dostum, sinif yoldaşım... Nə qədər bir yerdə döyüşmüşdük. Hətta döyüşlərin birində məni ölümdən xilas etmişdi...

- Kim?

- Kərimov Əliqismət. Milis idi. Çox cəsur oğlan idi... Başını kəsib, bədənini göndərdilər... Rəşid kişinin meyiti adı ilə balalarına vermişdilər ki, atanız budur...

***

Hamı başsız meyitə baxır, onun kim olduğunu tapmağa çalışırdı. Bu vaxt Əliqismətin qardaşı Asif meyitin qarşısında diz çöküb sağ əlini əlinə aldı. Asif “Odur, Əliqismətdir” deyib ağlayırdı. Meyitin Əliqismət olduğunu heç kim başa düşməmişdi. Rafiq Asifin ovcunda sıxıb ağladığı biləyə baxanda, hər şeyi başa düşdü. Əliqismət idi...

Kənd cavanları əllərinə döymə ilə “ANA” yazırdılar. Əliqismət biləyindən bir az yuxarıya, köynəyin altında qalan hissəyə uşaqlıqdan sevdiyi qızın adını yazmışdı. Bunu isə ancaq qardaşı ilə Rafiq bilirdi…

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20454
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar