Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.
Onun fikrincə, lakin danışıqlar uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq.
Lent.az-ın məlumatına görə, Ukrayna prezidenti bunu CNN-ə müsahibəsində açıqlayıb.
“Mən onunla danışıqlara hazıram. Son iki ildə də buna hazır olmuşam. Və düşünürəm ki, danışıqlar olmadan biz bu müharibəni dayandıra bilməyəcəyik...
Düşünürəm ki, biz istənilən formatdan, istənilən şansdan istifadə etməliyik ki, Putinlə danışıqlar apara bilək. Amma bu cəhdlər uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq”, - o bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna tərəfi həmişə danışıqlarda israrlı olub, dialoq və sülh yolu ilə həll yolları təklif edib.
"Mən istəyirəm ki, indi hamı məni eşitsin, xüsusən də Moskvada. Artıq görüşmək vaxtıdır. Danışmaq vaxtıdır. Ukrayna üçün ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır", - dövlət başçısı bildirib.