Ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyata son bu ölkənin prezidenti Əbd Rəbbo Mənsur Hadinin xahişi əsasında qoyulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ər Riyadda mətbuat konfransında koalisiya komandanlığının nümayəndəsi Əhməd Əl Asiri bildirib.
“Əməliyyat prezident Hadi və ölkənin qanuni hökumətinin xahişi ilə dayandırılıb”, deyə o bildirib.
Onun sözlərinə görə, əməliyyatın yekunlaşmasına baxmayaraq koalisiya üsyançı husilərin irəliləməsinin qarşısını almaqda tədbirləri davam etdirəcək.
Qeyd edək ki, Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan edib. "Ərəb ölkələri koalisiyası bütün məqsədlərə nail olaraq Yəməndə hərbi əməliyyatı sona çatdırıb", deyə müttəfiq qüvvələrin komandanlığının bəyanatında bildirilir.
Bəyanat Səudiyyə Ərəbistanı dövlət televiziyasının efirində səsləndirilib.