Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Suriyanın sərhədyanı rayonlarında qaçqınlar üçün bufer zonasının yaradılmasının zəruri olduğu bildirib.
APA-nın xəbərinə görə, bu barədə Y.Topçu Qazaxıstanın “Xəbər 24” telekanalına müsahibəsində bildirib.
“Suriyanın sərhədyanı rayonlarında bufer zonası yaradılmalıdır ki, müharibədən qaçan insanlar orada sığınacaq tapa bilsin. Koalisiya qüvvələri onların müdafiəsini təmin etməlidir ki, bütün dünyanı dolaşmaq məcburiyyətində qalmasınlar”, - deyə Topçu bildirib.
“BMT baş katibi Astana prosesini dəstəkləyib və onun məhsuldar olacağına ümid etdiyini bildirib. Ümidvaram ki, qəbul ediləcək qərarları digər ölkələr də dəstəkləyərək, Suriya böhranının nizamlanmasına öz töhfələrini verəcəklər”, - deyə Y.Topçu qeyd edib.
Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.