55 il elmin keşiyində
Professor Ağazeynal Qurbanzadənin anadan olmasından 80 il ötür
Görkəmli alim, coğrafiya elmləri doktoru, professor Ağazeynal Alı oğlu Qurbanzadənin anadan olmasından 80 il ötür. Yubileyi həm də onun elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə təsadüf edir.
A.Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Astara şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olub, 1962-ci ildə iqtisadi coğrafiya ixtisası üzrə məzun olub.
1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A.Qurbanzadə 1973-cü ildə “Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Aqrar coğrafiyanın ərazi təşkili nəzəriyyəsinin tərəfdarı olan Ağazeynal müəllimin doktorluq dissertasiyası isə “Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili” mövzusunda olub.
Elmi-pedaqoji fəaliyyətini uzun illər Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan A.Qurbanzadə yüksək səviyyəli pedaqoji kadrların hazırlanması işinə böyük töhfələr verib, onun rəhbərliyi ilə bir neçə namizədlik dissertasiyası müdafiə olunub. 1996-2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Coğrafiya və ekologiya” kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində “Coğrafi ekologiya” laboratoriyasını təşkil edib. O, 2003-cü ildən Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri olub və hazırda həmin universitetdə pedaqoq kimi fəaliyyətini davam etdirir.
Coğrafiya elminə fundamental elm kimi yanaşan Ağazeynal müəllimin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır. A.Qurbanzadənin elmi-tədqiqat işlərinin yeniliyi və elmi-praktiki əhəmiyyəti alimlər tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, aqrar struktur sistemlərinin optimal modellərinin funksional metodunu yaradıb və onu praktika ilə uzlaşdırıb. Alim elmi-pedaqoji fəaliyyəti dövründə 250 çap vərəqi həcmində məqalə, monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirib. Bu sırada “Aqrar strukturun regional inkişaf modeli: iqtisadi coğrafiya konsepsiyası”, “Təbiətşünaslıq”, “Ölkəşünaslıq”, “İnsanşünaslıq”, “Ekologiya: sosial-iqtisadi əsasları”, “Azərbaycanı kənd təsərrüfatı coğrafiyası”, “Dünya ölkələri: siyasi-iqtisadi və dialektik coğrafiyası” və digər əsərlərin adlarını çəkmək olar.
Professor A.Qurbanzadə həmişə müəllimlik şərəfini yüksək tutub. Onun elmi və müəllimlik fəaliyyəti prinsipiallıq və obyektivliyə, səmimiyyətə əsaslanır. Düzdür, indiyədək göstərdiyi xidmətlərə görə heç bir fəxri ad almayıb. Bununla belə, Ağazeynal müəllim ömrünün 80-ci baharında da yorulmadan xalqımıza və dövlətimizə xidmət edir, Azərbaycan elminin inkişafı yolunda bilik və bacarıqlarını gənc nəsillə bölüşməkdən böyük zövq alır. İntellektual düşüncəyə hörmət və məsuliyyətlə yanaşmağın bir örnəyi də A.Qurbanzadənin alimlik və elmi-pedaqoji fəaliyyətidir.
Ağazeynal müəllim elmi-pedaqoji fəaliyyətində nümunəvi olduğu kimi, şəxsi planda da gənclərə örnək ola biləcək bir ömür yoluna sahibdir. O, nümunəvi ailə başçısı, qayğıkeş babadır. 4 oğul və 12 nəvə sahibi olan professor Ağazeynal Alı oğlu Qurbanzadəni anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illik yubileyi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
828