Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
“Tramp aydın şəkildə bildirdi ki, ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcək, nail ola bilməsə - etməyəcək. Lakin o cəhd edəcək. Onun biznes və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir”, - deyə Spayser qeyd edib.
“Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik”, - deyə o əlavə edib.
“Əgər bu ABŞ-ın maraqlarına uyğundursa - Tramp sövdələşməyə nail olacaq”, - deyə mətbuat katibi qeyd edib.