İŞİD pulu haradan alır?
06 sentyabr 2016 14:48 (UTC +04:00)

İŞİD pulu haradan alır?

0

Bəzi təxminlərə görə "İraq və Şam İslam Dövləti"nin 2 milyard dollarlıq nəqd pulu və mülkiyyətləri var. Bu isə onları dünyanın ən zəngin silahlı qruplaşması edir. Başlanğıcda İŞİD-in maliyyə dəstəyi Körfəzin ərəb ölkələrindəki ayrı-ayrı zəngin fərdlərdən gəlirdi. Bu gün İŞİD geniş mənada özü-özünü maliyyələşdirən qrupdur. Təşkilat nəzarətində olan neft və qaz yataqlarından, habelə vergi, rüsum, qaçaqmalçılıq, qarət və adam oğurluğundan hər ay milyonlarla dollar qazanır. İraqdakı hücum əməliyyatları da onlar üçün mənfəətli olub. Bu hücumlar zamanı İŞİD zəbt etdiyi şəhərlərdə bankları qarət edib.

.İŞİD-in öz valyutasını dövriyyəyə buraxmağı özünü çox göstərmədi. 2014-cü ildə Mosulu ələ keçirəndən sonra “xilafət” artıq öz valyutasını, dinarını yaratdı. Və 1 “islam dinarı” nə az, nə çox, 136 dollar ekvivalentində dövriyyədəydi.

Paytaxt Rakkadan da fərman gəlmişdi: “xilafətin” nəzarət etdiyi ərazilərdə artıq bütün hesablaşmalar tədricən dinara keçməliydi…

Yarandığı gündən İŞİD öz iqtisadi strukturlarını belə formalaşdırmağa başlamışdı. “Xilafətin” necə deyərlər, maliyyə naziri vəzifəsini yerinə yetirən “Əbu Saleh” ləqəbli Muvaffak Mustafa əl-Karmuş 2015-ci ilinin yanvarında “xəlifə” Bağdadiyə artıq ilk büdcə layihəsini belə təqdim edir. “Əbu Saleh”in proqnozlarına görə, İŞİD-in 2015-ci il üçün büdcəsi 2 milyard 300 milyon dollar təşkil etməliydi. Eyni zamanda İŞİD-in vergi siyasətinə də rəhbərlik edən “Əbu Saleh” tərəfindən  “xəlifə”yə həm də ölkəsinin vergi konsepsiyası təqdim olunur.  O, “xəlifə”ni inandırır ki, sərt inzibati mexanizmlər tətbiq edilməzsə, nəinki vergi yığımında problemlər yarana bilər, əksinə bu sərt nəzarət olmadan vətəndaş itaətsizliyi belə baş alıb gedər. “Xəlifə” bəzi korrektələrlə “Əbu Saleh”in vergi siyasətini dəstəkləyir.  Və Rakkadan İŞİD-in vergi direktivləri ilə bağlı növbəti fərman yayılır. Məsələn, həmin direktivlərdə göstərilir ki,  “xilafət” ərazisində satılan bütün məhsullardan 5 faiz vergi tutulacaq. Bundan başqa,

- Əhalinin bank hesablarından çıxardığı pullar vergiyə cəlb edilir;

- “Xilafət” ərazisində bütün işləyənlər aylıq qazancının 7 faizini sosial vergi adı altında xəzinəyə ödəməlidirlər. Ödənilən vəsaitlə bağlı çek müəyyən edilmiş vaxtda sahə üzrə vergi müfəttişinə təqdim edilməlidir. Birinci dəfə gecikmə qısamüddətli həbs və ya 30 şallaqla cəzalandırılır.  Mütəmadi hal aldıqda, edam cəzası tətbiq edilir;

- İŞİD-in ərazisinə girən hər bir yük maşını 940 dollar rüsum ödəməlidir;

- Maşını olan hər bir şəxs ayda 8 dollar yol vergisi verməlidir;

- Mobil telefon, internet işlədənlər vergiyə cəlb olunur. (Onu da qeyd edək ki, mobil telefondan istifadə  sonradan “xilafət” ərazisində ümumiyyətlə qadağan edilib. Əhalidə kimdəsə mobil telefon aşkarlanarsa,  edam cəzası verilir.  Bu arada bir faktı da qeyd edək ki, Suriya İnsan Haqları Təşkilatının açıqladığı hesabata görə, İŞİD-in  nəzarətində olan Der-Əz-Zor şəhərində yaşayan bir neçə qız “vatsap”da yazışdığı üçün edam ediliblər;

- “Xilafət” ərazisində yaşayan qeyri-müsəlmanlar cizyə adlı vergiyə cəlb olunur.

 

Biz İŞİD-in vergi direktivlərindən bəzilərini sizlərin nəzərinə çatdırdıq.

Və bir məqamı qeyd edək ki, təkcə Mosuldan ay ərzində 24 milyon dollara yaxın vergi yığılır. Bu cür iqtisadi siyasətin gətirdiyi pullar İŞİD-ə hələlik sanksiyalara davam gətirmək və döyüşmək üçün imkan verir.

 

Amma heç kimə o da sirr deyil ki, İŞİD-in əsas gəlirləri neft və qazdandır. İraq və Suriyada neft və qazla zəngin ərazilərə nəzarət edən İŞİD-in aktivlərinin 2  trilyon dollar həcmində olduğu deyilir.

 

“Xilafət”in nəzarətində  Suriyada və İraqda gündə 75 min barel neft hasil edilən neft yataqları və qaz nasos stansiyaları var. “İraq Oil Report” şirkətinin məlumatına inansaq,  İŞİD İraq neftindən sutkada 2 milyon dollar gəlir əldə edir. İŞİD həm də Akkas və Əl-Anbar qaz yataqlarını nəzarətində saxlayır. Son 2 ildə təşkilatın mavi yanacaq satışından illik gəliri 300 milyon dollar olub. Özü də İŞİD neft və qazı dünya bazarındakı qiymətlərdən 2 dəfə ucuz satır. Hazırda  İŞİD-in nəzarətində Deyr az-Zor, Rakka və Mosulda bir neçə neftayırma zavodu da var.

Bir maraqlı fakt: İŞİD İraqdakı təkcə Həmreyn yatağının neftini satmaqla (qaçaq yolla) son üç ayda 50 milyon dollar qazanıb.

 

“Əl-Bələd” xəbər portalının yazdığına görə, Diyalı və Səlahəddin şəhərləri arasında yerləşən Həmreyn neft yatağı 33 quyuya malikdir.

İŞİD xam nefti oğurlayıb çətin keçilən yollarla Mosul və Hüveycəyə göndərir. Və xam neft Mosuldakı neftayırma zavodunda emal edilir.

 

Beynəlxalq ekspertlərin hesablamalarına görə, İŞİD-in əsas qazanc sahələrindən biri də kimya sənayesidir. Hə, təəccüblənməyin, “xilafət” fosfat hasilatı, eləcə də sement istehsalı və satışından da qazanır. Hesablamalar göstərir ki,  təkcə fosfat yataqlarının istismarı “xilafət”ə ildə 50 milyon dollar gəlir gətirir. Bundan başqa, kükürd, silikat, fosfor, karbomid  istehsal edən zavodlardan İŞİD-in əldə etdiyi gəlirin həcmi də milyonlarla ölçülür.

 

 

İŞİD-in əsas gəlir mənbələrindən biri də adam oğurluğudur. Hər bir oğurlanmış adama görə qrup üzvləri 10 mindən başlayaraq haqq istəyir. Oğurlanmış şəxs əcnəbi vətəndaşdırsa, qiymət  on minlərlə dollara çatır. Hesablamalara görə,  təkcə adam oğurluğundan İŞİD-in aylıq qazancı 5-8 milyon civarındadır.

 

“Xilafət”in qazanc yerlərindən birinin qadın alveri olduğu da sirr deyil. BMT-nin cinsi zorakılıqdan müdafiə üzrə eksperti Zeynəb Banguranın bildirdiyinə görə, təkcə bu ilin aprel və may aylarında İraq və Suriyada 6 min qız oğurlanıb.  Xanım Banqura deyir ki, bu  qızları “su qiymətinə” satırlar. Ən yaxşı halda isə onlara bir neçə yüz dollardan min dollaradək qiymət qoyurlar. O, öz hesabatında göstərir ki, Rakka şəhərindəki seks kölələrinin bazarında yezidilər, xristianlar, şiələr, türklər, azərbaycanlılar və türkmənlər var.

 

Bildirilir ki, terrorçular pul qazanmaq üçün qarşıdurma zamanı öldürülmüş adamların orqanlarını da satırlar. Bir qədər əvvəl İŞİD-in Avstraliya əsilli terrorçusu Xalid  Şərruf tvitterdə kəsilmiş başlardan ibarət fotolar  yerləşdirərək, belə bir status yazmışdı: “Avstraliyada kiminsə orqana ehtiyacı varsa, xahiş edirəm, utanmayın, mən bədənin istənilən orqanını verməklə, kömək etməyə hazıram».

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, İŞİD olduqca münbit torpaqlara sahibdir. Bu da ildə 1,1 milyon ton taxıl tədarük etməyə imkan verir. Təxmini hesablamalara görə, buğda və arpanın qara bazarda satışından İŞİD ildə 200 milyon dollar qazanır.

 

Bu hələ harasıdır, İŞİD-in dağıdıb məhv etdiyi mədəni irs nümunələrinin satışından əldə etdiyi gəliri 50 milyondan çoxdur. Son 3 ayda təkcə Palmiradakı vandalizmdən İŞİD-in qazancı 15 milyon dolları keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar