Seneqal ordusu Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkənin ərazisinə daxil olub.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanvarın 18-də Qambiya Milli Assambleyası seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Qeyd edək ki, Yəyya Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi. Bundan sonra Seneqal ordusunun Qambiya sərhədlərinə doğru irəliləməsi barədə məlumatlar yayılmışdı.
Afrika İttifaqının Dövlətlər Şurası bundan əvvəl yanvarın 19-dan seçkilərdə məğlub olmuş Yəyya Cammenin Qambiyanın legitim rəhbəri kimi tanımayacağı barədə bəyanat yayıb.
Bundan əvvəl bildirilmişdi ki, Nigeriya və Qərbi Afrikanın digər ölkələri Qambiyaya daxil olacaq koalisiya yaradır.
Xatırladaq ki, Qambiya prezidenti Yəyya Camme ötən ay mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib.
“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz. Mən öz postumdan getməyəcəm”, - deyə Camme bildirmişdi.
Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adam Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb. Hazırkı prezident Y.Camme isə 36,7 faiz səs toplayıb.
Səsvermənin nəticələri elan edildikdən sonra Y.Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.