Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar dilinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib.
APA-nın Rusiya bürosunun məlumatına görə, müraciətdə tatarların Rusiyada yaşayan ikinci böyük xalq olduğu nəzərə çatdırılır: "Bizim xalq Rusiya Federasiyası xalqları arasında öz sayına görə ikinci yeri tutur. Tatar dili Rusiyada qeyri-rəsmi olaraq ikinci millətlərarası danışıq dilidir. Tatar dilini başqırdlar, kumıklar, balkarlar, yakutlar, Altay xalqları, Orta Asiya xalqları, azərbaycanlılar, türklər və digərləri başa düşürlər".
Tatarıstan Ruhani İdarəsinin Ağsaqqallar Şurası bildirib ki, tatar xalqının böyük hissəsi (üçdə ikisi) Tatarıstandan kənarda yaşayır, bu səbəblə onların doğma dili olan tatar dilində təhsil almağa, mədəniyyətlərini, adətlərini inkişaf etdirməyə imkanları yoxdur.
Müraciət müəllifləri kiçik xalqların dilləri ilə bağlı aparılan bugunki siyasətin ciddi narahatlıq doğurduğunu, Tatarıstan məktəblərində tatar dilinin tədrisi saatlarının azaldılmasının isə respublikada rus və tatar xalqları arasında olan bərabərliyə ziyan vuracağını vurğulayıblar: "Rusiya Federasiyasının Konstitusiyasında tatar dilinin ikinci dövlət dili kimi təsbit olunması onu gələcəkdə diskriminasiyadan xilas edər, Rusiyanın xalqları və millətləri arasında güvəni möhkəmləndirər, vətənpərvərlik tərbiyəsini gücləndirərdi".