Rusiya prezidenti Vladimir Putintürkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub. Dövlət başçıları Suriya böhranının tənzimlənməsi, terrorizmə qarşı mübarizə üzrə birgə fəaliyyəti müzakirə ediblər. Tərəflər Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Putinlə Ərdoğan siyasi, iqtisadi-ticarət sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli əlaqələrlə bağlı məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, hazırda Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstək verdiyi müxalif Azad Suriya Ordusu əl-Bab şəhərinin azad edilməsi üçün döyüşlər aparır. Dünən gecə Suriyaordusuna məxsus hərbi təyyarə əl-Bab ətrafında yerləşən Türkiyə xüsusi təyinatlılarının qərargahını bombalayıb. Nəticədə Türkiyə ordusunun 3 əsgəri şəhid olub, 7 əsgər yaralanıb. Rusiya və Türkiyə prezidentlərinin telefon danışığında əsas müzakirə mövzusunun bu olay olduğu ehtimal edilir.