Nüfuzlu “Əl-Mənərə” jurnalı Mehriban Əliyevadan yazıb
06 oktyabr 2016 13:23 (UTC +04:00)

Nüfuzlu “Əl-Mənərə” jurnalı Mehriban Əliyevadan yazıb

Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən,  Səudiyyə Ərəbistanı, Küveyt, Tunis, Misir, Livan və digər ərəb ölkələrində yayımlanan “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalə dərc olunub. Lent.az-ın məlumatına görə, məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ziyalı ailənin nümayəndəsi olduğu bildirilərək, Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva haqqında oxuculara dolğun bilgilər çatdırılıb. Ziyalı ailə mühitinin Mehriban Əliyevanın mərhəmət, xeyirxahlıq və insan sevgisinin, o cümlədən incəsənətə canlı marağın əsasını təşkil etdiyi dünya görüşünün və nəcib insan kimi formalaşmasına təsiri barədə məsələyə toxunularaq, Azərbaycanın birinci xanımının həm qlobal, həm də milli müstəvilərdə gördüyü işlər barəsində əhatəli yazılıb, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı xüsusilə qeyd edilib. Mehriban Əliyevanın 2004-cü ildə regionda ən böyük qeyri-hökumət təşkilatı təsis etdiyi barədə oxucular məlumatlandırılıb. Fondun xətti ilə yeni təhsil, səhiyyə və incəsənət ocaqlarının inşa edildiyi, insulin və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyaları və s. kimi sosial təşəbbüslərin həyata keçirildiyi misal çəkilib. Həmçinin Mehriban xanım Əliyevanın milli musiqi ənənələrinin inkişafı və xaricdə tanıdılması yönündə səyləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin tikildiyi, Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə keçirilən mədəniyyət tədbirlərində Azərbaycan muğamının prioritet yerdə olduğu, habelə hər il ayrı-ayrı istedadlı yerli və beynəlxalq musiqiçilərin iştirakı ilə Beynəlxalq Qəbələ Musiqi Festivalının təşkil edildiyi oxucu auditoriyasının diqqətinə çatdırılıb. Ümumbəşəri dəyərlər, sülh və dözümlüyün yayılması işində Heydər Əliyev Fondunun fəaliyyətinə gəlincə, məqalədə bu təşkilatın Azərbaycanda fərqli sivilizasiyalar arasında əməkdaşlıq və dialoq mövzusunda çoxsaylı tədbirlər keçirməklə, Luvr Muzeyində İslam incəsənəti bölməsini təsis etməklə, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin Şəhər Sarayında və digər Avropa şəhərlərində qədim tarixi binaların və Vatikanda qədim əlyazmaların bərpasında, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalını”nın təmirinin həyata keçirilməsində yaxından iştirak etməklə, qlobal tolerantlıq ideyasında və dünya mədəniyyətində artıq izlər qoyduğu oxucuların nəzərinə çatdırılıb.

 

Sonra jurnal Mehriban Əliyevanın ölkəmizin beynəlxalq idman və musiqi aləmində imicinin formalaşdırılmasındakı əhəmiyyətli rolundan söhbət açıb. Belə ki, orada birinci xanımın Milli Gimnastika Federasiyasına rəhbərliyi ərzində bu idman növündə nəzərəçarpan sıçrayışın baş verdiyi, Bakı şəhərinin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi xüsusilə qeyd edilib, 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban xanım Əliyevanın sədrlik etdiyi Milli Təşkilat Komitəsinin adı ilə bağlı olduğu və bu müstəsna uğuruna görə birinci xanıma 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edildiyi vurğulanıb.

 

Məqalənin sonunda çoxşaxəli və dayanaqlı fəaliyyətinə görə, Mehriban Əliyevanın Fransanın “Şərəf Legionu” ordeninə, Pakistanın ən ali dövlət ordeni olan “Hilal e Pakistan” ordeninə, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, UNESCO-nun “Qızıl Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyü oxucuların diqqətinə çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar