Moskva məhkəməsi “Gelandewagen”lə qalmaqallı küçə yarışlarının iştirakçısı Mara Baqdasaryanı 10 sutka müddətinə həbs edib. O, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimələri ödəməməkdə təqsirli bilinib.
APA TV-nin məlumatına görə, Mara Baqdasaryan Rusiya paytaxtının Lenin prospektində saxlanılıb. Polis əməkdaşları avtomobilin düzgün park edilməməsinə görə cərimə yazarkən məlum olub ki, sürücünün ödənilməmiş 16-ya yaxın cəriməsi var.
Ümumilikdə, məhkəmələrə Mara Baqdasaryanla bağlı 51 material daxil olub. Onların hamısı cərimələrin ödənilməməsi ilə bağlıdır. İşlərdən biri texniki səhvə görə dayandırılıb, iki iş üzrə sürücü 72 saatlıq icbari əməyə cəlb edilib. Daha bir iş üzrə isə Mara Baqdasaryan barəsində 10 sutkalık inzibati həbs cəzası təyin olunub.
Mara Baqdasaryan məhkəmədə bildirilib ki, protokollar onun qeydiyyatda olduğu ünvana gəlib. Özü başqa ünvanda yaşadığından cərimələrdən xəbərsiz olub.
Avtoxuliqanlıqla ad çıxaran qadının cəzası bununla bitmir. Onun barəsində məhkəməyə daxil olan işlərə baxılması iki həftə davam edəcək və noyabrın 21-də başa çatacaq.
Qeyd edək ki, Mara Baqdasaryan ət kombinatının direktoru Elmar Baqdasaryanın qızıdır.