Misir təyyarəsini qaçıran şəxs təslim olub.
Lent.az-ın "sözcü.com.tr"-yə istinadən məlumatına görə, Səif əl-Din Mustafanın aparılan danışıqlardan sonra Kipr hüquq-mühafizə orqanlarına təslim olduğu qeyd edilib.
*****
Misirə məxsus sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu, Səif əl-Din Mustafadır.
S. Mustafa da alimdir. O, Qahirə Universitetinin tarix professorudur.
Bildirilir ki, S. Mustafan Misirdə həbsdə olan bir neçə qadın məhbusun azad edilməsini tələb edib. Kiprin RİK telekanalının verdiyi məlumata görə, təyyarəni qaçıran şəxs Misir hökumətinə müxalifətdədir.
Qeyd edək ki, artıq Misir hökuməti İbrahim Samahadan rəsmən üzr istəyib. İ. Samaha təyyarəni qaçıran şəxs kimi təqdim olunsa da, sonradan bu versiyanın yanlış olduğu üzə çıxıb.
Yayılan xəbərlər sırasında Kipr xüsusi təyinatlıların təyyarənin azad edilməsi ilə bağlı əməliyyata hazırlaşması da var.
14:15
Misirə məxsus sərnişin təyyarəsinin qaçırılmasında şübhəli bilinən Qahirədəki Amerika Universitetinin professoru İbrahim Samahinin həyat yoldaşı Misirin "ON-TV" kanalına müsahibəsində həyat yoldaşının təyyarəni qaçırması ilə bağlı məlumatları təkzib edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qadın bildirib ki, həyat yoldaşı heç vaxt Kiprdə olmayıb. O qeyd edib ki, təyyarəni qaçıran şəxsə aid olan və KİV-də yayılan fotodakı şəxs həyat yoldaşı deyil. Qadın İ. Samahinin digər sərnişinlərlə birlikdə təyyarədən buraxıldığını söyləyib.
13:08
Qaçırılan Misir təyyarəsinin ekipaj üzvlərindən bir nəfər artıq təyyarəni tərk edib.
APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxsin ABŞ vətəndaşı olduğu açıqlanıb.
İ. Samaha İsgəndəriyyə universitetinin veterinariya fakültəsinin professorudur. Onun veterinar-həkim diplomu var.
O da məlum olub ki, İ. Samahanın 4 uşağı var. Dəqiqləşdirilməmiş məlumatlara görə, onlar İ. Samahanın keçmiş həyat yoldaşı Marina Parasxu ilə Kiprdə yaşayırlar.
Hadisə ilə bağlı bəyanat verən Kipr prezidenti Nikos Anastasiadis bütün bunların qadına görə baş verdiyini bildirib. O qeyd edib ki, təyyarənin qaçırılması terror aktı deyil.
Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bunlar deyilir: “O (İbrahim Samaha-red.) terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin deyillər”.
12:31
Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub.
APA-nın xəbərinə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur.
“Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib.
"Burc-əl-Ərəb" aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.
APA-nın məlumatına görə, bu barədə “Egypt Air” şirkətinin “Tvitter” hesabında yerləşdirilən xəbərdə deyilir.
Təyyarədə qalan sərnişinlərin hamısının əcnəbi olduğu bildirilir. Təyyarəni qaçıran İbrahim Samaha bunu sevdiyi qadınla görüşmək üçün etdiyini açıqlayıb.
***
11:33
Larnaka aeroportuna qaçırılan Misirin A320 təyyarəsindən artıq 50 nəfər buraxılıb.
APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxs qadınları və uşaqları azad edib.
Sərnişinlərin artıq təhlükəsiz yerdə olduğu bildirilir.
**
11:20
Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib.
APA-nın məlumatına görə, artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib.
Təyyarəni qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil.
Kipr hüquq-mühafizə orqanları onunla danışıqları davam etdirir.
Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib.
Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.
Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.
***
10:56
Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.
İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.
Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.