Nevada məhkəməsi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın şikayəti üzrə təcili tədbirlər görməkdən imtina edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hakim Qloriya Sterman Trampın seçki məntəqələrinin işçiləri barədə məlumatların təqdim edilməsinə dair tələbinə cavab olaraq dərhal order verməkdən imtina edib.
“Nəyə görə məntəqələrdə çalışan insanlar barədə məlumat verməliyəm? Öz vətəndaş borclarını yerinə yetirdiklərinə görə onlara hədə-qorxu gələsiniz?”, - deyə hakim Trampın nümayəndəsinə bildirib.
Qeyd edək ki, ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı noyabrın 4-də vaxtından əvvəl səsvermə zamanı Nevada ştatında qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib.
APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının Klark dairəsində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır.
Klark dairəsinin nümayəndəsi Trampı şərh edərək, seçki məntəqələrinin vaxtında bağlandığını bildirib: “Sadəcə növbədə gözləyənlərə səs vermək imkanı yaradılməşdı”.