Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
Telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, S.Lavrov bildirib ki, ABŞ-ın Homs şəhəri yaxınlığındakı hərbi aerodroma hava zərbələri endirməsi Moskva və Ankaranın Suriyada böhranın nizamlanması səylərini sarsıdır.
“Tərəflər Xan-Şeyxunda baş verən hadisələrin obyektiv, qərəzsiz araşdırılması, həmçinin bundan əvvəl terror qruplaşmaları tərəfindən kimyəvi silahdan istifadə edilməsi hallarının öyrənilməsinin vacibliyini vurğulayıblar”, məlumatda qeyd edilib.
Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyada sülhə nail olmaq üçün yeganə yol kimi danışıqların davamına alternativin olmadığını vurğulayıblar.