Kolumbiyada keçirilən ümumxalq səsvermədə ölkə vətəndaşları "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) ilə hökumət arasında imzalanan sülh sazişinin əleyhinə səs veriblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermədə iştirak edənlərin 50,22% sazişə qarşı çıxıb.
Sentyabrın 27-də “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra atəşkəsə dair tarixi sülh sazişi imzalanıb. Tərəflər ölkədə münaqişəyə son qoyulması, sabit və uzunmüddətli sülhün bərqərar olması naminə yekun razılığa gəliblər.
Kolumbiya hökuməti ilə FARC arasında silahlı münaqişə ötən əsrin 60-ci illərində başlayıb. Əlli il davam edən münaqişə 200 min nəfərin həyatına son qoyub. 2001-ci ildə ABŞ Dövlət Departamenti, sonra isə Avropa İttifaqı FARC-ı terrorçu təşkilatların siyahısına daxil edib. 2012-ci ildə Kolumbiya hökuməti ilə üsyançı qruplaşma arasında Havanada sülh danışıqları başlayıb, 2016-cı il, sentyabrın 27-də isə atəşkəsə dair sülh sazişi imzalanıb.