İraqın cənubunda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın İnsan Haqları üzrə Ali Komissarlığının yaydığı bəyanatda bildirilir.
Məlumata əsasən, etirazlar başlanandan İraqın cənub bölgəsində 12 nümayişçi həyatını itirib, 195-i dinc sakin, 371-i asayiş keşikçisi olmaqla ümumilikdə 571 nəfər xəsarət alıb. İğtişaşlar nəticəsində yaşayış evləri, inzibatı binalar, partiyaların mənzil-qərargahları daxil olmaqla 47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb. Hüquq-mühafizə orqanları tərəfindən 302 nümayişçi saxlanılıb.
İraqın cənub bölgəsində iğtişaşlar iyulun əvvəlində başlayıb. Bəsrə şəhərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Nümayişçilər hökumətdən elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son qoymağı tələb edirlər. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib.