Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyi təklif ediblər.
APA-nın məlumatına görə, bu barədə Reuters xəbər verib.
Yaxın gələcəkdə “qara siyahı”ya əlavə ediləcək şəxslər və təşkilatların adları açıqlanacaq.
Məlumatda bildirilir ki, yeni sanksiyaların tətbiqi ABŞ administrasiyası ilə razılaşdırılıb.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.