İran yeni uran yatağı aşkarladığını iddia edir
23 fevral 2013 22:41 (UTC +04:00)

İran yeni uran yatağı aşkarladığını iddia edir

İran hakimiyyəti təmsilçiləri nüvə proqramını inkişaf etdirmək üçün xam uranla zəngin yatağın aşkarlandığını bildiriblər.

 

Lent.az-ın İranın «İRNA» agentliyinə istinadən məlumatına görə, təmsilçilər bildirib ki, yataq ölkənin «cənub rayonlarından birində» aşkarlanıb və orada uran ehtimal olunduğundan «üç dəfə» artıqdır.

 

Hakimiyyətin iddiasına əsasən, ölkədə uran ehtiyatı  4,4 min tondur.  Qeyd edək ki,əvvəllər bu göstəricinin 1,5 min ton olduğu iddia edilirdi.

 

Yatağın  dəqiq yeri barədə rəsmilər açıqlama verməyib. Mütəxəssislərin fikrincə, İran uranın hasil edilməsi üçün çağdaş texnologiyaya malik deyil.

 

 

Qərbdən olan mütəxəssislər onu da bildirib ki, Tehran hakimiyyətinin indiyə kimi istifadə etdiyi mədəndə uran faktiki olaraq, tükənib.

 

Yeri gəlmişkən qeyd edək ki, Güney Azərbaycanın Qərbindəki Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibəti də oradakı uranla əlaqələndirilir. Ehtimal olunur ki, qurumaqda olan su hövzəsində zəngin uran yataqları var.

 

İran atom fəaliyyət ilə bağlı  xəbərlərdən birində bildirilib ki,  Buşəhr Atom Elektrik Stansiyası fevralın 28-dən fəaliyyətini müvəqqəti olaraq, dayandıracaq.

 

Rəsmilər məsələ ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyini məlumatlandırdıqların bildirsə də, AES-in işinin müvəqqəti dayandırılmasının səbəbini açıqlamayıb.

 

Başqa bir xəbərə əsasən, İran 20 min MVt elektrik enerjisinin alınmasını nəzərdə tutan 15 illik planı çərçivəsində tikiləcək 16 nüvə elektrik stansiyalarının yerlərini müəyyənləşdirib.

 

Xatırladaq ki, İranın nüvə proqramı üzrə danışıqların növbəti raundu fevralın 26-da Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək.   

# 608
avatar

Oxşar yazılar