İran Yəməndəki münaqişənin sülh yolu ilə nizamlanması üzrə plan təqdim edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif qeyd olunan planı səfərdə olduğu İspaniyada təqdim edib.
Məlumata görə, plan 4 bənddən ibarətdir: atəşkəsin tətbiq olunması, ehtiyacı olanlar üçün humanitar yardımların göndərilməsi, Yəməndə daxili dialoqun başlanılması və ölkənin bütün siyasi hərəkatlarının iştirakı ilə milli həmrəylik hökumətinin yaradılması.
“Yerdə və havada bütün hərbi əməliyyatlara son qoyulmalıdır. Daxili böhranı yalnız yəmənlilərin özləri nizamlamalıdır”, deyə Zərif bildirib. XİN rəhbəri İran və Səudiyyə Ərəbistanı arasında danışıqların aparılmasının vacibliyini də qeyd edib: “Lakin biz Yəmənin gələcəyini müəyyən edə bilmərik”.
Qeyd edək ki, bundan əvvəl də, aprelin 8-də Məhəmməd Zərif Yəmən probleminin yalnız Yəmən xalqı tərəfindən həll edilməli olduğunu bildirərək Yəmənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Rəsmi Tehran Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzünü strateji səhv hesab edir.