İran hakimiyyəti təkzib edir
İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrumi hökumət əleyhinə aksiyalar fonunda sosial şəbəkələrə girişin müvəqqəti dayandırılması barədə xəbəri təkzib edib.
APA-nın məlumatına görə, iranlı nazir bunu bu gün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Eyni zamanda bu xəbərin cəmiyyətdə narazılıq və pessimizmi yaratmağa yönəldiyini vurğulayıb.
Qeyd edək ki, dünən "Reuters" agentliyi İranın IRIB Dövlət Televiziyasına istinadən hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. "Telegram"-ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə "Telegram" kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti ümumiyyətlə, "Telegram"-a girişi bağlayıb.
"Associated Press" agentliyi isə şənbə günü 2, dünən isə 10 nəfər olmaqla, etiraz aksiyalarında 12 nəfərin öldüyü barədə məlumat yayıb.
280