Birinci prezident... - PORTRET
22 fevral 2013 11:32 (UTC +04:00)

Birinci prezident... - PORTRET

“Ümidvaram ki, səmimiliyi qoruyub saxlamaqda sarsılmaz və bəs qədər dözümlü olacağam. Bu, yüksək titullar içində ən qibtə edilənidir”.

 

Corc Vaşinqton

ABŞ-ın ilk prezidenti

 

Fevralın 22 - i  amerikalıların  bayramıdır. Çünki 1732-ci ilin bu  günündə  məşhur dövlət xadimi, böyük siyasətçisi, Amerika dövlətçiliyinin əsasını qoyan  və ölkənin ilk prezidenti  Corc Vaşinqton doğulub...

 

Corc Vaşinqtonun atası varlı pansion sahibi  Avqustin ilk dəfə 1715-ci ildə 21 yaşında evlənir. Bu nikahdan onun Lourens, Avqustin adlı iki oğlu, Ceyn adlı bir qızı doğulur. 1729-cu ildə həyat yoldaşı vəfat edəndən sonra o, uşaqlarını da götürüb İngiltərəyə gəlir. Lakin burada ona daha bir bədbəxtlik üz verir. O, yaralanır və dostunun evində uzun müddət müalicə olunur. Burda Amerikadan qohumlarıgilə qonaq gəlmiş 20 yaşlı Meri ilə tanış olur. Qız ona mərhəmətlə yanaşır, qulluq göstərir, qayğısına qalır. Və beləcə, onlar bir-birlərini sevirlər.

 

Üç ildən sonra Avqustin Meri ilə evlənir və onu Amerikaya, Virciniyaya gətirir. Oğlanları isə İngiltərədə qalır, qızı Ceyn xəstəlikdən vəfat edir.

1732-ci ilin 12 ( köhnə təqvimlə) fevralında onların bir oğlu  doğulur.

 

Corcdan sonra ailədə daha 5 övlad dünyaya gəlir. 11 yaşında o,  atasını itirir və

bir necə ildən sonra  ögey qardaşı Lourensin dəvəti ilə Maunt - Vernon şəhərinə gedir.

 

21-22 yaşında Virciniya  milis dairələrindən birinə komandirlik edir, 1759-cu ildə polkovnik rütbəsində istefaya çıxır. Həmin il Marta Kastis adlı ağıllı,  zəngin bir xanımla ailə qurur. Həyat yoldaşı Corcun dayağına, əsl silahdaşına çevrilir.

 

15 il Virciniya qanunvericilik məclisinin deputatı olan Corc Vaşinqton 1775-ci ildə üsyançı ordunun baş komandanı seçilir və nizami ordu yaratmağa nail olur.

 

 Xatırladım ki, 16-cı əsrdə, Avropa koloniyaçıları  gələnədək ABŞ-ın indiki ərazisində hindular və eskimoslar yaşayırdı. 17 -18-ci əsrlərdə İngiltərə, Hollandiya, Fransa, İspaniya işğal hesabına Şimali Amerikadakı ərazilərini xeyli genişləndirmişdilər...

 

Amerikada azadlıq, torpaqların işğaldan xilas edilməsi uğrunda  mübarizə başlamışdı. Bu mübarizənin başında Corc Vaşinqton dayanırdı.

 

1776-cı ilin qışı, Milad  ərəfəsi idi. Kontinental Ordunun (Vaşinqton bu ordunun komandanı idi) ac-yalavac, minlərlə döyüşçüsü yorulub silahı yerə qoymaq istəyirdi. Uğradıqları  məğlubiyyətlərdən sonra çoxları ruhdan düşmüş, Amerika inqilabını bitmiş  hesab edirdi. Bütün var-dövlətini xalqın azadlığı uğrunda sərf edərək,  komandanlığı öz üzərinə götürmüş Vaşinqton da vəziyyətin ağırlığından xəbərdar idi.

 

1775 - 1783-cü illərdə  Corc Vaşinqton partizan dəstələri ilə birlikdə  İngiltərənin qoşunlarını məğlubiyyətə uğradır. ABŞ və İngiltərə arasında  Parisdə  Versal sülh müqaviləsi imzalanır. Müqaviləyə görə, İngiltərə ABŞ-ı müstəqil və suveren dövlət kimi tanıyır. İngiltərə gələcəkdə ona heç bir iddia irəli sürülməyəcəyinə təminat verir.

 

Artıq Vaşinqtonun prezident olacağı heç kimdə şübhə doğurmur. Hətta 1788-ci il 4 iyul Konstitusiya bayramı şənliklərində də “Vaşinqton –prezident!” kimi şüarlar səsləndirilir. Nəhayət, 1789-cu il fevralın 4-də keçirilən prezident seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçilir. O, Seçicilər Kollegiyasında səslərin 100 faizini qazanmış yeganə ABŞ prezidenti kimi tarixə düşür. Onun  Maunt Vernondan Nyu-Yorka gəlişi bayram kimi qeyd olunur. Vaşinqton 30 aprel 1789-cu ildə inauqurasiya nitqi söyləyir.

 

İlk ABŞ konqresi Vaşinqtona ildə 25 min dollar (  o dövrə görə bu, böyük məbləğ idi) maaş verilməsinə qərar çıxarır. Buna baxmayaraq, o, maddi vəziyyəti yaxşı olduğu üçün bu maaşdan imtina edir. Lakin bu addım gələcəkdə yalnız varlıların prezident kürsüsü tutmasına  ənənə ola bilərdi. Buna görə, o, maaş almağa razılıq verir.

 

Cəmiyyətdəki nüfuzuna baxmayaraq, o, ikinci dəfə prezident seçilmək istəmirdi. Maunt Vernona qayıdıb sakit həyat  sürmək onun başlıca arzusu idi. Lakin  nazirlər onu yenidən prezident görmək istəyirdilər.

 

Vaşinqtonun ikinci prezidentlik dövründə Avropada müharibələr səngimək bilmirdi. O, var qüvvəsi ilə ABŞ-ı bu müharibələrdən kənarda saxlamağa çalışırdı. Tərəfdarlarına isə birmənalı şəkildə bildirmişdi ki, növbəti prezident seçkilərində iştirak etməyəcək.

Bəzi düzəlişlərlə hazırda qüvvədə olan ABŞ konstitusiyası onun sədrliyi ilə hazırlanmışdı. O, eyni zamanda ABŞ-da ikipartiyalı sistemin  yaradıcısı idi...

 

****

 

Ölkə paytaxtında onun şərəfinə ucaldılmış abidə və Kapitoli  şəhərin hər yerindən görünür. Konqresin qəbul etdiyi qanuna əsasən, paytaxtda bu iki tikilidən hündür bina inşa etmək olmaz. Amerikalılar  ilk prezidentə və demokratiyaya hüsn-rəğbətlərini belə bildirirlər.

 

1790-cı ildə  yeni paytaxtın salınması üçün Potomak çayı sahilindəki yeri də Vaşinqton seçmişdi. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı.  Vaşinqtonda  hündür evlər, göydələnlər yoxdur. Şəhərin planını dövlət xadimi T. Ceffersonun iştirakı ilə fransız mühəndisi P. Lanfan hazırlayıb. Evlər bir-birindən aralı, küçələr olduqca genişdir. Şəhərdə çoxlu park var.

 

Kapitoli Amerika konqresinin binasıdır. Memarlar Tornton, Latrob və Volterin layihəsi ilə  72 ilə tikilib...

 

Daim diqqətdə olan məşhur Ağ Evin  daxili quruluşu  oranı ziyarət edənləri heyran qoyur.

 

Ağ Evdə ən böyük zal Şərq zalıdır. Burada müxtəlif tədbirlər-təntənəli qəbullar, ballar, mərasimləri keçirilir, konsertlər təşkil olunur. Prezident bəzən konqresin təsdiq etdiyi qanunları da burada imzalayır. Bu zaman onu həmin qanun layihəsinə səs vermiş konqres üzvləri əhatə edirlər.

 

Prezident qızları Nelli Qrant, Alisa Ruzvelt və Linda Consonun toyları  burada olub. Prezidentlərdən Uilyam Makkinili və Con Kennedinin cənazələri  Şərq zalında qoyulub. Avraam Linkoln, Franklin Ruzvelt və  başqa prezidentlərin matəm mərasimi həmin zalda keçirilib.

 

Corc  Vaşinqtonun rəssam Hilbert Stüart tərəfindən çəkilmiş portreti də Şərq zalında asılıb. 1914-cü ildə ingilislər Ağ evi yandıranda prezident Ceyms Medisonun arvadı Dolli Medison həmin portreti çətinliklə xilas edə bilib.

 

Ağ Evin Qızıl, Büllur, Yaşıl, Mavi, Qırmızı adlı qonaq otaqlarının, kitabxanasının, diplomatik qəbul, təntənəli ziyafət zallarının hər biri özünəməxsusdur. Məsələn, Ağ Evin kitabxanasında asılan təkrarsız  çilçıraq  yazıçı Fenimor Kuperin ailəsinə məxsus olub.

Yaşıl qonaq otağına sərilmiş türk xalçası öz şöhrətinə görə heç də ondan geri qalmır.

 Prezident Qrover Klivlendin toyu Mavi zalda keçirilib. Bu, Ağ evdə təşkil edilmiş yeganə prezident toyu olub.

 

Amerika tarixinin ən böyük hadisələrinin şahidi olmuş Ağ Ev əvvəllər “Prezident evi”, “Prezident sarayı” adlanıb. Bu bina da 1792-ci ildə Corc Vaşinqtonun seçdiyi yerdə tikilib. Binanın memarı əslən irlandiyalı olan Ceyms Hobandır. İngilislər yandırandan sonra  çölü ağ rəngləndiyi üçün binaya Ağ Ev adı verilib. Sonralar bina dəfələrlə təmir edilib, ona yeni tikililər əlavə olunub. Günəş enerjisi ilə qızdırılan Ağ Ev gözəl parkla əhatələnib. Parkda tarixi abidə kimi qorunub saxlanılan bir çox ağac var. Prezidentlərdən Endrü Ceksonun əkdiyi maqnoliya, Con Adamsın əkdiyi Amerika qarağacı da  tarixin ağaclaşmış şəklidir. Jaklin Kennedi bağı  parkın gözəl guşələrindən biridir.

 

1800-cü ildə  Ağ Evə ilk dəfə  Amerikanın ikinci prezidenti Con Adams öz arvadı ilə qədəm basıb. Təntənəli ziyafətlər zalında, mərmər lövhədə Ağ Evin ilk sakininin bu sözləri həkk olunub :” Dua edirəm ki, Allah bu evdən və burda  yaşayanlardan öz mərhəmətini əsirgəməsin. Qoy, bu damın altında yalnız vicdanlı və müdrik adamlar hökm versinlər.”  Ağ Evin devizi budur...

 

Gözəl devizdir...Bu, həm də 281 yaşlı böyük şəxsiyyətin ideyalarına və ruhuna verilən qiymətdir...

 

 

Reyhan Mirzəzadə,

Publisist-politoloq

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288
avatar

Oxşar yazılar