Beysbolçu polkovnikin son mahnısı - PORTRET
06 mart 2013 12:59 (UTC +04:00)

Beysbolçu polkovnikin son mahnısı - PORTRET

Ötən ilin dekabrında kubalı həkim Xose Rafael Markinin açıqlaması Venesuellanı şoka saldı: “Prezidentin ömrünün sonlarına haradasa iki-üç ay vaxt qalıb. Təəssüf ki, labüd sonluq aprel ayına qədər baş verəcək”.

 

Həkimin proqnozu düz çıxdı. Aprelə 25 gün qalmış, martın 5-də gecə saatlarında onun müavini Nikolas Maduro Milli telekanalda bəd xəbəri elan etdi: “Çaveç öldü”. 

 

***

 

Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə anadan olmuşdu. Venesuellanın Barinas ştatının Sabaneta şəhərində. Atası Uqo de los Çaves və anası Yelena de Los Reyes qardaşı Arxenisin və kiçik Uqonun rahib olmalarını arzulayırdılar. Elə ona görə də kiçik yaşlarından hər iki qardaşı kilsəyə vermişdilər.

Amma kilsə həyatı kiçik Uqonun ürəyincə deyildi. O, beysbolçu olmaq istəyirdi. (Yeri gəlmişkən prezident olandan sonra belə Uqo beysbol oynamaqdan doymurdu) Uşaq vaxtı rəsm çəkməyi xoşlayırdı. Hətta Barinos ştatında uşaqlar üçün keçirilən sərgidə birinci yeri tutmuşdu.

Kilsəyə “yox” deyən yeniyetmə Uqo hərbi məktəbə üz tutdu. Leytenant rütbəsi aldı, desant qoşunlarında xidmətə başladı. 80-ci illərin sonlarında ölkədə baş verən iqtisadi tənəzzül, xalqın sosial vəziyyətinin günü gündən pisləşməsi Venesuellada siyasi vəziyyəti də gərginləşdirirdi. Ölkədə yeni-yeni siyasi təşkilatlar, cərəyanlar yaranırdı. Belə bir vaxtda aralarında gənc Uqo da olmaqla bir qrup gənc “Movimiento Bolivariano Revolucionario”, Boliviya İnqilab Təşkilatını yaradırlar.

 

 

***

 

91-ci ilin əvvəlindən başlayan iğtişaşlar noyabrın 7-də özünün kuliminasiya nöqtəsinə çatdı. Ümumxalq narazılığından bəhrələnmək istəyən bir qrup zabil podpolkovnik Çavesin ətrafında birləşib hərəkətə keçmək istədilər. Düzdür, Çaves sonradan deyəcəkdi ki, onların niyyəti dövlət çevrilişi etmək olmayıb. Amma 1992-ci ilin 4 fevralında podpolkovnikin rəhbərliyi altında hərbiçilərin prezident sarayına hərəkəti əslində qiyam idi. Bunu Venesuellanın o vaxtkı prezidenti Rafael Kaldera da yaxşı başa düşürdü. Qiyamın yatırılması barədə əmr çox gecikmədi. Qarşıdurmada 17 əsgər və zabit həlak oldu. Uqo da  başda olmaqla onlarla hərbçi həbs edildi.

Amma Çaves həbsdə çox qalmadı. 1994-cü ildə prezident Rafael Kaldera onu əfv etdi. Həbsdən çıxan kimi o, Beşinci Respublika Uğrunda Hərəkat yaratdı və onun lideri oldu.

 

 

***

O, siyasətdə ilk uğurunu 97-ci ildə keçirilən parlament seçkilərində qazandı. Başçılıq etdiyi Hərəkat “Vətən hamı üçündür” və “Sosializmə doğru hərəkat”la koalisiyada 35 faiz səs qazandı. Koalisiya parlamentin ilk iclasındaca bəyan etdi ki, 98-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə konstitusiya islahatı aparacaq, sosial ədalətin bərqərar olduğu demokratik cəmiyyət quracaqlar.

 

***

 

1998-ci ildə keçirilən prezident seçkilərində isə Çaves 60 faizə yaxın səs yığaraq Venesuellanın prezidenti seçildi.

“Ölüm ayağında olan konstitusiyaya and içirəm”… 1998-ci il dekabrın 6-da Çaves öz andına bu sözlərlə başladı.

Onun hakimiyyətdəki ilk addımlarından məlum oldu ki, ABŞ üçün yeni başağrısı əmələ gəlib. ABŞ-da da bunu yaxşı dərk etdilər. Hətta 2002-ci ilin yanvarında ABŞ səfirliyinin hazırladığı planla onu devirdilər də. Amma 2 gün sonra xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdanda Çaves qiyamçıların heç birini həbsə atmadı. ABŞ şokda idi...

Venesuelanın hava dəhlizləri əvvəl Yuqoslaviyanı, sonra Əfqanıstanı, daha sonra İraqı bombalamağa uçan NATO təyyarələrinə bağlı olub. Bu ölkə Kubaya qarşı iqtisadi embarqoda, yaxud Kolumbiyadakı vətəndaş müharibəsində iştirakdan imtina edib. O, müstəqil siyasət yeridib. Buna görə də ABŞ Çavesi “diktator”, “psix”, onun iqtidarını isə “bic” adlandırırdı.

2006-cı il mayın 28-də Boliviya, Venesuela və Kuba ABŞ-a qarşı üçlər ittifaqı yaradırlar. Bu ittifaqın ideya müəllifi də Çaves idi. O, deyirdi: “Venesuela, Boliviya və Kuba sosializm quruculuğu yoluyla gedəcək, bizi heç kim yolumuzdan döndərə bilməz. Sonucda biz qalib gələcəyik və məqsədimizə, imperializmin labüd məhvinə nail olacayıq”.

Dünyanda neft ixracına görə liderlərdən olan Venesuella Çaves hakimiyyətə gələnə qədər korrupsiya girdabında çabalayırdı. Çaves tezliklə  neft istehsalını milliləşdirdi. Yüksək neft qiymətləri fonunda Venesuelanın büdcəsi fantastik səviyyədə artdı. İllik iqtisadi artıma görə o, 12 faiz göstərirdi. Bu, dünyada rekord göstərici idi. Ölkə qısa müddətdə Çin, Yaponiya, Almaniya və ABŞ-dan texnologiyaların idxalına son qoydu. Savadsızlıq ardan qalxdı. Venesuella artıq təkcə neft yox, bir çox məhsulların ixracçısına çevrildi.

 

***

 

Əslində o, 1998-dən bu yana prezidentlik dönəmində verdiyi vədlərin hamısını yerinə yetirdi. Daim xalqın içindəydi, onunla birgəydi. Venesuella Milli telekanalında “Allo prezident” bəlkə də dünyada yeganə veriliş idi ki, xalq öz rəhbəri ilə birbaşa əlaqə qura bilirdi. Problemlərini ona söyləyirdi.

 

***

 

 

Venesuela prezidentinin mikrobloqu oxucularının sayına görə ölkədə rekord həddə çatmışdı. Twitter-də Çavesin səhifəsinə abunə olanların sayı 250 mini keçmişdi. 

Twitter-də “chavezcandanga” istifadəçisi kimi təqdim olunan Çaves populyarlığına görə Venesuelanın mikrobloq sahəsində keçmiş rekordçusu – "Globovision" telekanalını da geridə qoymuşdu. Ölkədə yeganə müxalifət telekanalının mikrobloquna  isə  200 min nəfər abunə olmuşdu. 
 

 

***

 

Çaves şeir və hekayələr də yazırdı. Şəkillər də çəkirdi. O, hətta səfərdə olanda belə mütaliəsindən qalmırdı. Bibliya, tarix və fəlsəfə, onun oxuduğu əsas mövzular idi. 2007-ci ildə Çavesin şeirlər kitabı belə nəşr edilmişdi. 2008-ci ildə isə o, inqilabi marşlardan ibarət “Musica Para la Batalla” ( Mübarizə üçün mahnılar”) adlı albom buraxmışdı.

Son mahnısını isə dünən oxudu. Keçmiş beysbolçu-polkovnik-prezident...

Musiqisiz - filansız…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2485
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar