Bəhreyn təhlükəsizlik qüvvələri terror fəaliyyəti ittihamı ilə axtarılan 20 nəfəri saxlayıb. Saxlanılanlardan dördü qadındır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn DİN-in məlumatında bildirilir.
Məlumata görə, kütləvi saxlanılmalar şübhəli şəxslərin motorlu qayıq vasitəsi ilə fevralın əvvəlində İrana qaçmaq cəhdi ilə bağlı başlayan cinayət işinin araşdırılması çərçivəsində həyata keçirilib. Onlar həmçinin ilin əvvəlində Manamada siyasi məhbusların saxlanıldığı həbsxanaya hücum törətməkdə şübhəli bilinirlər.
Məlumata görə, şübhəlilərin saxlanılması əməliyyatları 9-19 fevral tarixlərində keçirilib. Qadınlar barələrində axtarış elan olunan şəxslərə yardım etməkdə və onları istintaqdan gizlətməkdə ittiham olunurlar. Saxlanılanlardan 8 nəfərinin İran və İraqda hərbi təlim keçdiyi bildirilir. Daha iki nəfər partlayıcı maddələrin istehsalı üzrə gizli sexlər yaratmaqda ittiham olunurlar. Həbs olunanlardan biri yanvarın sonlarında Manamanın ətrafında polis əməkdaşını qətlə yetirdiyini etiraf edib.