Rusiyanın Kazan şəhərində yenicə bağlanan topdansatış bazarının 60-dək sahibkarı yanvarın 31-də Tatarıstan paytaxtındakı Azadlıq meydanında toplaşıblar. Lent.az-ın “Biznes Online” nəşrinə istinadən məlumatına görə, sahibkarlar baş nazir İldar Xalikova məktub yazaraq, şikayətlərini Hökumət Evinə çatdırıblar.
Onlar Xalikovdan vəziyyəti araşdırmağı və bazarın bağlanma səbəbinə dair izahat verməsini xahiş ediblər. Sahibkarların fikrincə, bazarın bağlanması hamı – bazar rəhbərliyi və biznesmenlər üçün gözlənilməz olub. Rəsmi etiraz mitinqinin fevralın 4-də keçiriləcəyi elan olunub. Mitinq iştirakçıları öz müraciətlərinə cavab gözləyirlər.
Rəsmi məlumatlarda Tatarıstan Fövqəladə Hallar Nazirliyi, Rusiya İstehlakçılarına Nəzarət İdarəsi, və Ekologiya Nazirliyinin plandankənar yoxlamaları zamanı bazarın fəaliyyətində kobud pozuntuların aşkarlandığı açıqlanıb. Yanğın və sanitar təhlükəsizliyi normalarına riayət edilmədiyi də bildirilir. Qanun pozuntuları ilə əlaqədar Kazan Prokurorluğu məhkəməyə müraciət edib. Məhkəmə isə qərar çıxarılanadək bazarın fəaliyyətini dayandırıb.
Qeyd edək ki, ötən gün bağlanmış bazarda çalışanların əksəriyyəti azərbaycanlılardır.