Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov ölkənin Federal Milli Şurasının sədri xanım Amal əl Qubaisi ilə görüşüb. Lent.az-ın məlumatına görə, səfir ilk öncə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun adından xanım əl Qubaisini salamlayaraq, ölkələrimiz arasında siyasi münasibətlərin vəziyyəti barədə məlumat verib.
Səfir Azərbaycanda ilk parlamentin yaradılması, ilk qadın deputatın seçilməsi, parlamentimizin bu günədək keçdiyi inkişaf yolu, ölkənin inkişafında qadınların rolu, dövlət və parlamentdə yüksək vəzifə tutan xanımlar barədə xanım əl Qubasini məlumatlandıb. O, ölkənin inkişafında qadınların roluna toxunaraq, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildiyini, təyinatdan öncə isə millət vəkili olduğunu bildirmiş, Mehriban xanımın Azərbaycanda və digər ölkələrdə fəaliyyəti və xidmətləri barədə danışmışdır. Səfir Heydər Əliyev Fondunun Prezidenti kimi Mehriban xanımın bir çox ölkələrdə humanitar və mədəni tədbirlər həyata keçirdiyini, bu xidmətlərinə görə bir sıra ölkələrin yüksək dövlət orden və medalları ilə təltif edildiyini diqqətə çatdırmışdır.
İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, parlamentlər arası təmasların elə də intensiv olmadığını deyən səfir Azərbaycan tərəfinin bu münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Milli Məclisdə BƏƏ ilə əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini, BƏƏ Federal Milli Şurasında da belə bir qrupun yaradılmasının arzu olunduğunu bildirmişdir.
Daşqın Şikarov Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf, həyata keçirilən nəhəng enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışaraq, bu layihələrin, həmçinin ölkəmizdə təşkil olunan müxtəlif iqtisadi, humanitar, idman və mədəniyyət tədbirlərinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verdiyini bildirmişdir. Bu kontekstdə o, cari ilin 12-22 may tarixlərində ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini, BƏƏ rəsmilərinin bu oyunlarda iştirakının arzu olunduğunu bildirərək, Milli Məclisin Sədri Oqtay Əsədov tərəfindən Amal əl Qubaisiyə ünvanlanmış dəvət məktubunun surətini təqdim etmişdir. Azərbaycan tərəfinin xanım əl Qubaisinin oyunlarda iştirak etməsi, yaxud bu mümkün olmadıqda digər uyğun zamanda Azərbaycana səfər etməsindən çox məmnun olacağını vurğulamışdır. Azərbaycanın turistik imkanları, görməli yerləri barədə məlumat verərərək, səfir 2016-cı ildə BƏƏ-dən Azərbaycana gedən turistlərinin sayının 30 dəfə artdığını, bu il daha böyük rəqəm gözlənildiyini, bunun Azərbaycanın BƏƏ-yə verdiyi önəmin və BƏƏ-dən gələn turistlərə göstərilən qonaqpərvərliyin nəticəsi olduğunu qeyd etmişdir.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın vəziyyəti barədə məlumat verən səfir, əlaqələrin artırılması məqsədilə müvafiq işlərin görüldüyünü, Azərbaycanın istehsaçlı şirkətlərinin BƏƏ-də keçirilən sərgilərdə iştiraka, məhsullarının, xüsusən kənd təsərrüfatı mallarının bu ölkəyə ixracında maraqlı olduqlarını demişdir. Cari ilin 19-20 aprel tarixlərində Əbu Dabidə İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclasının keçiriləcəyini, iclasda iştirak etmək məqsədilə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə böyük nümayəndə heyətinin BƏƏ-yə səfər edəcəyini, səfər çərçivəsində BƏƏ-nin sərmayədarları və böyük şirkətləri ilə görüşün keçirilməsinin arzu olunduğunu diqqətə çatdırmışdır. Daşqın Şikarov qeyd olunduğu kimi son zamanlar BƏƏ-dən Azərbaycana turist axının gücləndiyini, birbaşa təyyarə uçuşlarının artması və viza rejiminin sadələşdirilməsi nəticəsində turist sayının daha da artdığını, bu səbəbdən yeni infrastruktur layihələri üçün imkanlar yarandığını və bu imkanlardan BƏƏ sərmayədarlarının istifadə edə biləcəyini qeyd etmişdir.
Amal əl Qubaisi ətraflı məlumata görə təşəkkürünü bildirərək, BƏƏ tərəfinin də Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirmişdir. O, rəhbərlik etdiyi Federal Milli Şurada Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə dostluq qrupunun yaradılması məsələsinə baxılacağını, parlamentlər arası əməkdaşlığın hüquqi əsasının yaradılmasının arzu olunduğunu demişdir. Xanım əl Qubaisi bu məqsədlə iki ölkənin parlamentləri arasında əməkdaşlıq üzrə anlaşma memorandumu layihəsinin göndəriləcəyini də əlavə etmişdir.
IV İslam Həmrəyliyi Oyunlarında iştiraka dəvətə görə minnətdarlığını bildirən xanım əl Qubaisi Azərbaycan barədə, ölkəsindən Azərbaycana turistlərin marağının artıdığını eşitdiyini bildirmiş, hələ Azərbaycanda olmadığını təəssüflə qeyd etmişdir. Xanım əl Qubaisi öz ölkəsindən olan turistləri Azərbaycanda təbiət, görməli yerlər və mətbəxlə yanaşı, Azərbaycanlıların qonaqpərvərliyinin də cəlb etdiyini bildirmişdir. O, dəvətə görə təkrar təşəkkürünü bildirərək, ilk fürsətdə Azərbaycana səfər imkanının müsbət dəyərləndiriləcəyini vurğulamış, salam və ən xoş arzularını Mehriban xanım Əliyevaya və Milli Məclisin Spikeri Oqtay Əsədova çatdırılmasını xahiş etmişdir.