Ağ evin İctimaiyyətlə əlaqələr üzrə xidməti vətəndaşların telefon zənglərinə cavab verilməsini dayandırıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, telefon zənglərinə verilən avtomatik cavab mesajında bildirilir ki, federal hökumət büdcənin qəbulunun ləngiməsi səbəbindən fəaliyyətini dayandırıb, buna səbəb Konqresdəki demokratların immiqrasiya məsələsi ilə bağlı mövqeyidir.
Qeyd edək ki, yanvarın 18-də Konqresin Nümayəndələr Palatası 18 fevrala qədər qüvvədə olacaq müvəqqəti büdcə qəbul edib. Lakin Senatdakı demokratlar həmin büdcə layihəsinin qəbul edilməsinin qarşısını alıb. Sənədin bəzi müddəaları 100 yerlik Senatda 60 səslə qəbul olunmalıdır, respublikaçı çoxluğun isə 51 səsi var. Hazırda Senatda tərəflər arasında danışıqlar davam edir. Şənbə günü ABŞ-da gecə yarısı (Bakı vaxtı ilə səhər tezdən) maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.
ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.