Nil çayının Afrikanı böyük müharibəyə sürüklədiyi yönündə proqnozlar özünü doğrultmaqdadır.
Lent.az-ın verdiyi məlumata görə, bu gün Misir prezidenti Məhəmməd Mursi Nil çayının suyundan istifadə ilə bağlı konfransda ötən həftə Nilin qolu olan Mavi Nil üzərində “Böyük İntibah” adlanan su anbarı tikəcəyini açıqlayan Efiopiyanı savaşla təhdid edib.
Məhəmməd Mursi deyib ki, “Nil çayında suyun bir damlası əskilərsə, qanlarımız bunun üçün alternativdir”. Onun sözlərinə görə, Misir xalqı hər şeyə səbr edər, ancaq haqlarını, təhlükəsizliyini təhdid edən olay qarşısında səbr etməz: “Misir müharibəyə can atmır, ancaq su təhlükəsizliyinə zərər verəcək heç bir addıma da imkan verməyəcək”. Məhəmməd Mursi çıxışında misirli siyasətçi və rəsmiləri ölkənin milli maraqlarını müdafiə etmək üçün çalışmağa dəvət edib.
Qeyd edək ki, Efiopiya ötən həftə Mavi Nil üzərində, Sudan sərhədindən 12 km uzaqlıqda “Böyük İntibah” adlanan su anbarı tikəcəyini açıqlayıb. Söhbət 6 min meqavatt gücündə nəhəng su elektrik stansiyasından gedir. Bu, Mavi Nilin yatağını dəyişdirəcək, Misir istifadə etdiyi suyun 20 faizini itirəcək. Hazırda Efiopiyada 2 min meqavatt gücündə elektrik enerjisi istehsal edildiyi nəzərə alınsa, yeni tikiləcək su elektrik stansiyasının ölkə iqtisadiyyatı üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı bəllidir. Misirin qəzəblənməsinin səbəbi də məlumdur. 2011-ci ildə, Misirdə inqilab başlayan zaman bu fürsətdən istifadə edən Efiopiya, Ruanda, Uqanda, Keniya və Tanzaniya Afrika ölkələrində içməli su mənbəyi və kənd təsərrüfatı üçün strateji əhəmiyyət daşıyan Nil çayı ilə bağlı razılaşma imzalayıb. Razılaşma Nil çayı Hövzəsi Komissiyasının yaradılmasını nəzərdə tutur. Bu Komissiya Afrika üçün həyati əhəmiyyət daşıyan bu çayın resurslarının bölüşdürülməsi ilə bağlı ölkələr üçün kvotanı müəyyənləşdirməlidir. Sonradan Misir və Sudan bu razılaşmanı imzalamaqdan imtina edib, çünki bu razılaşma hər iki ölkənin Nil çayı üzərində hegemonluğunu təhdid edir. Məsələ ondadır ki, 1929-cu ildə Misir və Böyük Britaniya imperiyası arasında razılaşma imzalanıb və Misir həmin razılaşma əsasında Nil üzərində “tarixi hüquq”unu qorumağa çalışır.
Razılaşma Misirə Nil çayı və onun qolları ilə bağlı istənilən layihəyə veto qoymaq hüququ verir. 1959-cu ildə Misir və Sudan arasında imzalanan digər razılaşmaya əsasən isə, bu iki ölkə Nil çayının su resurslarının 90 faizindən istifadə edə bilər. Yəni hazırda Nil çayı üzərində Misir və Sudanın timsalında ərəb hegemonluğu mövcuddur. Başqa sözlə, Nildə illik su axımı 84 milyard kubmetrdir və bu suyun 55 milyard kubmetrindən Misir, 18,5 milyard kubmetrindən Sudan istifadə edir. Elə bu iki ölkə də Efiopiyanın çay üzərində su anbarı tikməsinə qarşı çıxır.