Türkiyə tərəfindən vurulmuş Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Puşkovun ailəsi Türkiyə tərəfindən kompensasiya qəbul etməyəcək.
APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu ölən pilotun qardaşı Pavel Puşkov Türkiyənin Kəmər şəhəri merinin pilotun ailəsinə ev vermək təşəbbüsünə münasibət bildirərkən deyib:
“Heç kim onlardan kompensasiya istəməyib. Hətta kompensasiya vermək istəsələr belə, bunu heç kim almayacaq. Bu nəinki təhqiredicidir, hətta dəhşətlidir”.
Xatırladaq ki, bu gün səhər Türkiyənin Kəmər şəhərinin meri pilotun ailəsinə ev verməyə hazır olduğunu açıqlayıb.
***
12:02
Türkiyənin Kəmər Bələdiyyə başqanı Mustafa Gül, ötən il 24 noyabrda vurulan Rusiya təyyarəsinin mərhum pilotu Oleq Peşkovun ailəsinə ev vermək istəyir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, başqan artıq bu barədə Rusiyanın Antalyadakı konsulluğuna müraciət edib. Konsul Aleksandr Tolstopyatenko ilə başqan arasındakı görüşün böyük hissəsi media üçün qapalı olub.
Sonra Mustafa Gül jurnalistlərin qarşısında konsola rəsm tablosu və türk şirniyyatı bağışlayıb. Aleksandr Tolstopyatenko başqana rus vətəndaşlarına yaxşı davranışları üçün təşəkkür etdi.