Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin qurucusu olduğu müxalif Vahid Milli Hərəkat partiyası ölkədəki parlament seçkilərinin ikinci turunu boykot etməməyi və seçkilərdə iştirak etməyi qərara alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə partiya lideri David Bakradze bildirib.
“Bizim partiya yeganə qərbyönümlü qüvvədir. Biz ölkədə birpartiyalı idarəçiliyin yaranmasına yol verməyəcəyik. Məhz bu səbəbdən qəbul etdiyimiz qərara əsasən, seçkilərin saxtalaşdırılmasına baxmayaraq, partiya proporsional siyahılar üzrə parlamentdə təmsil olunmalı və seçkilərin ikinci turunda iştirak etməlidir”, - deyə Bakradze qeyd edib.
Onun sözlərinə görə, komandanın daxilində bu məsələ ilə bağlı fikir ayrılığının olmasına baxmayaraq, qərar səs çoxluğu ilə qəbul olunub.
Qeyd edək ki, Gürcüstan MSK-sının məlumatına görə, parlamentə üç partiya keçib - hakim “Gürcü arzusu” partiyası (48,67%), Vahid Milli Hərəkat partiyası 27,11% və Vətənpərvərlər Alyansı (5,01%).
MSK-nın xəbərinə görə, ikinci turun 50 seçki dairəsində keçiriləcəyi gözlənilir.