[b]Pakistan Hindistana sülh və dialoq təklif edir[/b]
Pakistanın Baş naziri İmran Xan Hindistanla gərginliyin kulminasiya nöqtəsinə çatması fonunda xalqa müraciət edib.
Lent.az-ın xəbərinə görə, Azərtac Baş nazirin ofisinin məlumatına istinadla bildirir ki, İmran Xan qonşu Hindistana sülh və dialoq təklif edib. Pakistan hökumətinin başçısının bəyanatında deyilir: “Mən dünən səhərdən etibarən baş verənlər barədə xalqımı məlumatlandırmaq istəyirəm. Biz Pulvamada baş verən hadisələrdən sonra Hindistana problemləri sülh yolu ilə həll etməyi təklif etdik. Mən orada həlak olanları ailələrinin acısını başa düşürəm. Biz də bu münaqişələrdə 70 mindən çox itki vermişik. Bunları nəzərə alaraq, biz Hindistana əməkdaşlıq təklif edirik. Terrorçuların ölkəmizin ərazisinə sızması bizim də marağımızda deyil. Hələ də inanırıq ki, Hindistan hökuməti konstruktiv mövqe nümayiş etdirəcək. Biz onlara təcavüzlə bağlı xəbərdarlıq etmişik və bu cür cəhdlərə cavab vermək hər bir suveren dövlətin vəzifəsidir”.
İmran xan bildirib ki, fevralın 26-da səhər saatlarında Hindistanın təcavüz cəhdi ilə bağlı ordu rəhbəri ilə məsləhətləşmə aparıb. Onun sözlərinə görə, İslamabad problemə təmkinlə yanaşmağa çalışır. Çünki hərbi əməliyyatlar hər iki tərəfdən böyük itkilərə səbəb ola bilər. İmran xan fevralın 27-də Pakistan ərazisinə girən Hindistan Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarənin vurulmasını adekvat və məcburi addım adlandırıb. “Bütün müharibələr məntiqdən kənardır və onların nəticələrini əvvəlcədən heç kim bilmir. I Dünya müharibəsi başlayanda, döyüşlərin bir həftə davam edəcəyi güman edilirdi, amma müharibə 6 il davam etdi. ABŞ da terrorizmlə mübarizənin 17 il çəkəcəyini ehtimal etmirdi. İndi mən Hindistana müraciət edirəm, sizin və bizim əlimizdə olan silahlarla müharibənin nəticələrini təsəvvür edə bilirsiniz? Əgər vəziyyət daha da gərginləşsə, yaranacaq şəraitə nə Modi, nə də mən nəzarət edə biləcəyik”, -deyə İmran xan vurğulayıb.
717