Türkiyədə azərbaycanlı oğlanla dalaşan qız özünü binadan atıb.
Lent.az xəbər verir ki, hadisə Karabük vilayətinin Safranbolu rayonunda qeydə alınıb.
21 yaşlı İşık T. evdə sevgilisi ilə naməlum səbəbdən mübahisə edib. Mübahisədən sonra gənc qız təxminən 20 metr hündürlükdə yerləşən 4-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, əvvəlcə bir kafenin tentinə dəyib, daha sonra yerə düşərək ağır xəsarət alıb.
Kafenin tenti qızın düşmə sürətini azaldıb və onun sağ qalmasında mühüm rol oynayıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
İlkin tibbi yardım göstərilən gənc qız xəstəxanaya aparılıb. Ağır yaralanan İşık T.-nin müalicəsi davam edir.
Polis hadisənin necə baş verdiyini müəyyən etmək üçün geniş araşdırmaya başlayıb. Qızın müvazinətini itirərək yıxılması, yoxsa sevgilisi tərəfindən itələnməsi, həmçinin intihar ehtimalları istintaq çərçivəsində araşdırılır.
Hadisədən əvvəl baş verən mübahisə də araşdırılır. Polis ərazidəki təhlükəsizlik kameralarının görüntülərini yoxlayaraq hadisənin bütün təfərrüatlarını müəyyən etməyə çalışır.
Həmçinin gənc qızın Azərbaycan vətəndaşı olan 25 yaşlı sevgilisi Fikrət Z. polis tərəfindən saxlanılıb.