“Jaguar” yeni “Type 01” elektrikli grand tourer modelinin salonunu nümayiş etdirib.
Lent.az xəbər verir ki, model markanın yeni elektrikli avtomobil strategiyasının ilk seriya istehsalı avtomobili olacaq və tam təqdimatının oktyabrın 6-da Nyu-Yorkda keçirilməsi planlaşdırılır.
Avtomobilin salonunda ən diqqətçəkən detal ön hissədən arxaya qədər uzanan mərkəzi konstruksiyadır. Bu hissə salonu dörd ayrı oturacaq zonasına bölür.
Minimalist dizaynda metalik və bürünc çalarlarından, travertin daşından ilhamlanan materiallardan istifadə olunub.
“Type 01”də ənənəvi arxa görüntü güzgüsü də yoxdur. Onun yerinə ön şüşənin aşağı hissəsində yerləşdirilən rəqəmsal “ClearSight Rear View Display” quraşdırılıb.
Avtomobil 120 kVt/saatlıq batareya və üç elektrik mühərriki ilə təchiz ediləcək. Ümumi gücün təxminən 1000 at gücü, fırlanma anının isə 1300 Nm olacağı gözlənilir.
“Jaguar Type 01”in ilkin qiymətinin təxminən 120 min funt sterlinqdən başlayacağı, müştərilərə ilk avtomobillərin isə 2027-ci ilin yayında çatdırılacağı bildirilir.