Marneulidə 36-cı birmandatlı seçki dairəsinin nəzdində fəaliyyət göstərən 46 seçki məntəqəsində keçirilən II tur seçkilərində səsvermədə 47.500 nəfər seçicidən 23 500 nəfər seçici iştirak edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, seçicilərin 49, 4%-i deməkdir. Məlumata görə, II turun nəticələrinə görə, səsvermədə səslərin sayının hesablanmasından sonra “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizəd Tamaz Naveriani səs çoxluğu ilə qələbə əldə edib.
Hazırda səsvermənin ilkin nəticələri məlumdur. İlkin məlumat belədir: Tamaz Naveriani -74,61%, Əhməd İmamquliyev-25, 39% əldə edib. 22 nömrəli Marneuli dairə seçki komissiyasından verilən ilkin məlumata görə, 22.969 seçicidən “Gürcü Arzusu”nun namizədi 17.114%, “Vahid Milli Hərəkat” partiyasının irəli sürdüyü namizəd 5.855% səs toplayıb.
Ə. İmamquliyev jurnalistlərə açıqlamasında seçkilərin düzgün keçirilmədiyini, T. Naveriani isə II tur seçkilərinin azad, şəffaf və demokratik keçirildiyini bildirib. Hazırda “Gürcü Arzusu” partiyasının Marneuli ofisi qarşısında Tamaz Naverianinin qələbəsi qeyd olunur. Gürcüstan MSK-dan bildirilib ki, ilkin məlumatlara görə, Gürcüstanda ümumiseçici fəallığı 37,5% təşkil edib. MSK sözçüsü Anna Mikeladze keçirdiyi ikinci brifinqdə 929 265 seçicinin səsvermədə iştirak etdiyini bildirib.
Xatırladaq ki, oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda “Vahid Milli Hərəkat” partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48, 11%, “Gürcü Arzusu”nun namizədi Tamaz Naveriani isə 43,43% səs toplamışdı.
Qeyd edək ki, doqquzuncu çağırış parlament seçkilərinin II turunda “Gürcü Arzusu”ndan 49 və “Vahid Milli Hərəkat” partiyasından 45, “Azad Demokratlar” partiyasından 2 nəfər, “Topadze-Sənayeçilər” partiyasından 1 nəfər, həmçinin 3 nəfər müstəqil namizədlər iştirak edib.